Sosial ödəmələr üzrə daxilolmalar artıb
2023-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 192,7 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 145,3 milyon manat artıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin I rübü ilə müqayisədə 15,9 faiz artaraq 753,2 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artaraq 41,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə ödəmələr 19 faiz artaraq 30,6 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb və 213,8 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr isə 26,2 faiz artaraq 149,5 milyon manat olub.