Macarıstan Ukraynanın aqrar məhsullarının idxalını dayandırdı

Macarıstan da Polşanın ardınca Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub


Macarıstan hökuməti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Məhdudiyyət 2023-cü il iyunun 30-dək qüvvədə olacaq. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilir.

Macarıstanın Kənd Təsərrüfatı Naziri İştvan Nagy bildirib ki, bu qərar “Macarıstan fermer icmasının maraqları naminə” qəbul edilib. Qadağa Ukraynadan taxıl və yağlı bitkilərin idxalına, həmçinin “müəyyən digər kənd təsərrüfatı məhsullarına” şamil edilir.

Onun sözlərinə görə, Ukraynanın kənd təsərrüfatı istehsalçıları Avropa bazarına taxıl və yağlı bitkilərdən əlavə, külli miqdarda quş əti, yumurta və bal ixrac etməyə başlayıblar. Macarıstan hökuməti hesab edir ki, Ukrayna mallarının idxalı üçün rüsumsuz rejim, onların aşağı qiyməti yerli və Mərkəzi Avropa fermerlərinə zərər verə bilər.

Macarıstan Aİ-ni rüsumların ləğvi qərarına yenidən baxmağa çağırıb. "Kənd təsərrüfatı bazarı iştirakçıları Avropa İttifaqından Avropa kənd təsərrüfatı üçün ədalətli bazar şərtləri gözləyirlər", - mesajda deyilir.

Aprelin 15-də Polşa Ukraynadan taxıl və bir sıra ərzaq məhsullarının idxalına məhdudiyyətlər elan edib. 30 iyun 2023-cü il tarixinədək idxalı qadağan edilən məhsulların siyahısına dənli bitkilərlə yanaşı, süd, yumurta və quş əti də daxildir. Ukraynanın Aqrar Siyasət Nazirliyi Polşa hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib və bunun tərəflərin əvvəlki razılaşmalarına zidd olduğunu deyib.

Rusiyanın Ukraynaya tam miqyaslı işğalı başlayandan sonra, Ukrayna taxılının üçüncü ölkələrə ənənəvi tədarükü əngəlləndi. Logistika problemləri səbəbindən Ukrayna taxılı Avropa ölkələrində yığışmağa başladı və bu, yerli fermerlərə təsir etdi. Martın sonunda Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya yığılmış Ukrayna ərzaq məhsullarını onlardan almaq xahişi ilə Aİ orqanlarına müraciət ediblər. Məktubda qeyd olunub ki, söhbət taxıl, toxum, yumurta, quş əti, şəkər, alma və digər məhsullardan gedir.