Rəşad Nəbiyev Gürcüstana səfər edib
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 1-də Gürcüstanda səfərdə olub.
Səfər çərçivəsində nazir R.Nəbiyevin iştirakı ilə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanışlıq məqsədilə Tetritskaro (Ağbulaq) dəmir yolu stansiyasına baxış keçirilib. Sonra nazir Rəşad Nəbiyev Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük daşımalarının həcminin artırılması və buraxılış qabiliyyətinin genişləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsi, layihə üzrə Gürcüstan ərazisində planlaşdırılan işlərin sürətləndirilməsi barədə məsələlər müzakirə edilib.