Sahibkar qadınlar mükafatlandırıldı
Qadınların sahibkarlıq fəaliyyətinin təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, layihənin yekunlarına həsr olunan tədbirdə müvafiq qurumların nümayəndələri və layihə iştirakçısı olan qadın sahibkarlar iştirak ediblər.
2022-ci ilin noyabrından start götürən layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib.
Münsiflər heyətinin qərarına əsasən seçilən 3 qadın sahibkara mükafatlar verilib. Təqdim etdiyi layihənin inkişaf etdirilməsi üçün 1-ci yerin qalibinə 5000 manat, 2-ci yerə 3000 manat, 3-cü yerə isə 2000 manat təqdim olunub.