Artıq ödənilmiş pensiya məbləğini dövlət büdcəsinə kim qaytarmalıdır?!
Bəribaşdan birmənalı şəkildə qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, artıq hesablanmış və ödənilmiş pensiya məbləğ təqaüdçünün təqaüdü hesabına deyil, həmin səhvi buraxan məmurun şəxsi vəsaiti hesabına ödənilməlidir!
- Məgər bu pensiyanın məbləği pensiyaçı tərəfindən hesablanır, yoxsa dövlət orqanı və ya onun vəzifəli şəxsi tərəfindən?
- Niyə əmək pensiyaçısının az hesablanmış və ya ödənilməmiş hissəsi dövlət orqanı tərəfindən pensiyaçıya könüllü olaraq qaytarılmır?
Qeyd edək ki, əmək pensiyaçısına artıq ödənilmiş pulun qaytarılması ilə bağlı mütamadi olaraq şifahi və yazılı müraciətlər daxil olur.
Maraqlı bir hal yaranıb. Təcrübi olaraq bir dəfə də olsun rast gəlmədik ki, əmək pensiyaçısına az hesablanmış və ya ödənilməmiş pul dövlət orqanı tərəfindən pensiyaçıya könüllü olaraq qaytarılsın!
Bütün hallarda yalnız, əmək pensiyaçısına artıq ödənilmiş pulun geri qaytarılması barədə iddia qaldırılır.
Digər bir maraqlı sual, məgər bu pensiyanın məbləği pensiyaçı tərəfindən hesablanırmı? Yoxsa, dövlət orqanı və ya onun vəzifəli şəxsi tərəfindən hesablanır? Əgər səhv olubsa belə, nədən pensiya hesablayan dövlət orqanının vəzifəli şəxsi deyil, əmək pensiyasıçısı olan şəxs maddi məsuliyyət daşıyır?
Nədən bu fakt da nəzarə alınmır ki, onsuz da pensiya alan və sosial vəziyyəti çətin olan şəxsdən, kiminsə ehtimal olunan səhvinə görə əlavə pul tutulsun? Bu həmin pensiyaçının maddi durumunu daha ağır vəziyyətə salmırmı?
Aşağıda göstərilən və eyni məzmunda olan 2 normativ aktı da misal göstəririk, işçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə - burada bu hallarda pulun tutulması qaydası göstərilib. Fikrimizcə bu hallar "Əmək Məcəlləsi" ilə daha düzgün və ədalətli yolla tənzimlənir:
Əmək Məcəlləsinin 175.5-ci maddəsi:
- Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
"Əmək Pensiyaları Haqqında" Qanunun 39-cu maddəsi:
- Əmək pensiyasına artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur.
Tutulan məbləğ hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.
Fikrimizcə, burada son üç ilin də nəzərdə tutulması ədalətsiz qərardır, artıq və ya az ödənilən məbləğin birmənalı olaraq səhvi buraxan vəzifəli şəxs tərəfindən ödəməsi daha ədalətli olardı.
Azər Quliyev