Türkiyə ilə ticarət dövriyyəsi 32 faizdən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 630 778,48 min ABŞ dolları və ya 32,2 faiz artaraq 2 585 762,35 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 1 827 571,89 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 560 021,65 min dollar və ya 44,2 faiz çoxdur.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 10,3 faiz və ya 70 756,83 min dollar artaraq 758 190,46 min dollar təşkil edib.
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 14,46 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,14 faiz bəndi çoxdur.