Qarabağ KOB-ları proqramına start verilib
Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq.
Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək.
Ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.
Layihə çərçivəsində, həmçinin, 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.