“Qaradağ” GES bu ilin payızında istifadəyə veriləcək



230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) bu ilin payızında istifadəyə veriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazovun BƏƏ-nin nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

Görüşdə ümumi gücü 4 QVt olan digər layihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu, bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsinin öyrənilməsinə “Masdar” şirkətinin dəstəyi və bu xüsusda görülən işlər diqqətə çatdırılıb. Şəbəkənin idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə yaxın vaxtlarda birgə seminarın keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “Qaradağ” GES-in ərazisində hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelləri quraşdırılır.