Azərbaycanın enerji mənbələri üzrə xəritələr hazırlanır
“Azərbaycanda külək və Günəş enerjisinin əldə edilə biləcəyi məkanlar araşdırılır və bu araşdırmalar əsasında ölkənin enerji mənbələri üzrə xəritələr hazırlanır”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, xəritələr hazır olduqdan sonra Azərbaycanın enerji sektoruna investisiya qoymaq istəyən şirkətlərin əksəriyyəti enerji əldə edilə biləcək məkanları özləri axtarmayacaqlar. Həmin xəritələr bu sahəyə sərmayə yatırmaq istəyənlərə təklif ediləcək ki, bu da onların işini asanlaşdıracaq.
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun danılmaz olduğunu və dünyada enerji sahəsindəki nüfuzu ilə tanındığını söyləyən S.Qurbanov ölkəmizin kifayət qədər ənənəvi enerji resurslarının olduğunu açıqlayıb. Onun fikrincə, bu resurslar Azərbaycana 100 ildən sonrakı dövr üçün də kifayət edəcək: “Prezident İlham Əliyevin iradəsi ilə, ölkəmizin iqtisadi inkişafının sürəti nəzərə alınaraq, “yaşıl enerji”yə keçid stimullaşdırılır. Azərbaycan enerji ilə nəinki özünü təmin edir, hətta bərpa olunan enerjini xaricə satmağı planlaşdırır”.
S.Qurbanov bildirib ki, hesablamalara görə, Azərbaycanın quruda “yaşıl enerji” sahəsi üzrə 135 QVt-lıq texniki potensialının 5 QVt-ı Naxçıvan Muxtar Respublikasının (MR) payına düşür. Naxçıvanda da enerji mənbələri ilə bağlı tədqiqat işlərinin aparıldığını deyən S.Qurbanov qeyd edib ki, Muxtar Respublikadakı enerji məkanları müəyyən edilərək xəritəyə əlavə ediləcək.