Azərbaycan və Sinqapur: İki yol, iki model

Əgər Azərbaycan Sinqapurdan bir dərs götürmək istəyirsə...
Əziz dostlar, oxucular.
Sizə müqayisəli kicik bir yazı təqdim edirəm. Bəyənmək, şərh bölümündə fikir bildirmək, tənqid və ya hansısa bir fikir söyləmək artıq sizin öhdəliyinizdədir.
Belə qərara gəldim ki, doğma vətənimiz Azərbaycanı dünyanın inkişaf etmiş və ya inkişaf etməkdə olan hansısa bir ölkəsi ilə deyil, uzaq şərqdə - Cənub - Şərqi Asiyada yerləşən, əhalisinin az olmasına baxmayaraq, böyük sosial-iqtisadi inkişaf yolu seçmiş Sinqapur arasında müqayisə edim və bu yazını hazırlayım.
Beləliklə,
Giriş
Azərbaycan və Sinqapur – biri Xəzərin sahilində, digəri Asiyanın cənub-şərqində yerləşən iki kiçik ölkə. Hər ikisi 20-ci əsrin ikinci yarısında müstəqillik qazansa da, inkişaf yolları bir-birindən kəskin fərqlənir. Sinqapur heç bir təbii sərvəti olmayan balaca bir ada olaraq dünya iqtisadiyyatının öncüllərindən birinə çevrilərkən, Azərbaycan zəngin neft və qaz ehtiyatları ilə regional gücə çevrilmək iddiasındadır. Bəs bu iki ölkəni hansı oxşarlıqlar və fərqlər bir-birindən ayırır?
Əvvəlcə Sinqapur haqqında...
Sinqapur Cənub-Şərqi Asiyada, Malakka boğazında yerləşən ada ölkəsidir. Malay Yarımadasının cənub ucunda, ekvatora yaxın yerləşir. Ölkənin sahəsi cəmi 728 kvadrat kilometrdir – yəni Bakıdan da kiçikdir.
Əhalisi 2025-ci ilin məlumatına görə, təxminən 6 milyon nəfərdir. Əhalinin çoxu çinli, malay və hind mənşəlidir. Çoxmillətli və çoxdilli bir cəmiyyətdir.
Dörd rəsmi dil var. Bunlar - İngilis, Çin (Mandarin), Malay (dövlət himni bu dildədir) və Tamil dilləridir.
Siyasi quruluşuna görə parlamentli respublikadır. Uzun illərdir ki, Xalqın Fəaliyyət Partiyası (PAP) hakimiyyətdədir. Ölkənin ilk və ən məşhur lideri Li Kuan Yu olmuşdur – o, Sinqapuru "üçüncü dünyadan birinci dünyaya" çevirən şəxs kimi tanınır.
Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malikdir. Maliyyə, logistika, texnologiya və turizm sahələrində öndədir. Şəffaf idarəetmə, az korrupsiya və sərt qanunlar iqtisadiyyatın əsas sütunlarındandır. Dünyanın ən məşhur limanlarından biri də Sinqapurda yerləşir.
Bu ölkə haqqında bəzi maraqlı məqamları da diqqətə çatdırıram:
Sinqapurda çeynənən saqqızın satışına qadağa var (yalnız tibbi məqsədlə icazə verilir). Hətta saqqız çeynəyən yüksək məbləğdə cəriməyə məruz qalır. Üstəlik, küçəyə zibil atmağa, siqareti icazəsiz yerdə çəkməyə və ictimai nəqliyyatda nə isə yeməyə görə böyük cərimələr var. Buna görə də ölkə təmizliyi və intizamı ilə məşhurdur. Təhlükəsizlik yüksək səviyyədədir – cinayət səviyyəsi çox aşağıdır.
Sinqapur təhsildə yüksək yerlərdədir. Məktəblərində təhsil çox ciddi və keyfiyyətlidir. Tələbələr riyaziyyat və digər elmlər sahəsində dünyada ilk yerlərdədilər. Süni intellekt və innovasiyalar sahəsində ciddi irəliləyişlər əldə edir. Burada tələbə olmaq, təhsil almaq bir çox beynəlxalq tələbənin arzusudur. Ona görə ki, universitetləri də dünya reytinqlərində yüksək sıralarda yer alır.
Li Kuan Yu Effekti
Sinqapurun inkişafında ən böyük pay sahibi Li Kuan Yu adlanan lider olub. O, 1965-ci ildə Malayziyadan ayrılan kasıb, resurssuz bir ölkəni nizam-intizamlı, korrupsiyasız və dünya ilə rəqabətə davamlı bir dövlətə çevirib. Onun dediyi bir məşhur söz var: “Bizim neftimiz yoxdur, insanımız var – biz onlara sərmayə yatırdıq”.
Ölkədə polis demək olar ki, görünmür – hər kəs bilir ki, kamera izləyir və qanun pozsa, dərhal tədbir görüləcək. Bu isə insanlara etibarlı və sabit həyat verir.
İndi isə Azərbaycanla Sinqapurun müqayisəsini aparaq. Bunlar aşağıdakılardır:
1. Azərbaycan zəngin neft, qaz və mineral ehtiyatlarına sahibdir. Bununla yanaşı, əlverişli iqlimi və kənd təsərrüfatı potensialı da var. Sinqapur isə heç bir təbii sərvətə malik deyil. Torpaq ərazisi az, kənd təsərrüfatı demək olar ki, yoxdur. Lakin strateji mövqeyi – Malakka boğazında yerləşməsi – ona böyük ticarət üstünlüyü verir. Sinqapur resurs yoxluğunu insan kapitalı və intizamlı idarəetmə ilə kompensasiya etməyi bacarıb.
2. Sinqapur uzun illər ərzində korrupsiyaya qarşı sıfır tolerantlıq siyasəti ilə tanınıb. Burada dövlət idarəetməsi peşəkarlığa və hesabatlılığa əsaslanır. Azərbaycan isə bu sahədə çox zaman tənqid olunur. İdarəçilikdə nepotizm və korrupsiya halları, ictimai nəzarətin zəifliyi, medianın məhdud fəaliyyəti cəmiyyətin inamına təsir göstərir. Sinqapur liderlərinin əsas prinsipi budur: “Hansı vəzifədə olursansa ol, dövlətə xidmət edirsənsə, təmiz olmalısan.”
3. Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz gəlirlərinə əsaslanır. Diversifikasiya (sahələrin çoxaldılması) istiqamətində addımlar atılsa da, iqtisadiyyat hələ də enerji sektorundan asılıdır. Sinqapur isə iqtisadi modelini maliyyə, texnologiya, liman xidmətləri və turizm üzərində qurub. Bu model ona iqtisadi dayanıqlıq qazandırıb.
4. Sosial təbəqələşmə hər iki ölkədə mövcuddur. Azərbaycanda əhali arasında gəlir fərqləri getdikcə artır, gənclərin işsizlik problemi var. Sinqapurda isə bu fərqləri dövlət tənzimləyir – azgəlirli ailələrə mənzil, təhsil və səhiyyə dəstəyi göstərilir.
5. Sinqapurun ən böyük uğur sirri onun təhsil sistemidir. Riyaziyyat, təbiət elmləri və texnologiya sahəsində şagirdləri dünya reytinqlərində yüksək yerlərdədir. Azərbaycanda isə təhsil islahatlara ehtiyac duyur. Ali məktəblərdə korrupsiya, repetitorluq sistemi və kadrların hazırlıq səviyyəsi bu sahənin zəif bəndləridir. Gənclər daha çox xaricdə təhsilə üstünlük verirlər.
6. Sinqapurda orta aylıq maaş yüksəkdir - 4500-6000 ABŞ dolları arasında dəyişir. Azərbaycanda bu göstərici 400-600 ABŞ dolları təşkil edir.
Küçədə dilənçilərə rast gəlmək çətindir – çünki dövlət sosial ehtiyaclılara dəstək verir, eyni zamanda dilənçilik qadağandır. Azərbaycanda isə dilənçilik, sosial yardıma ehtiyacı olan ailələr, xüsusilə də bölgələrdə, daha aydın görünür. Əhalinin böyük hissəsi həyatından razı deyil, xüsusilə də gənclər gələcəklə bağlı narahatdır.
Nəticə
Azərbaycan və Sinqapur arasında coğrafi, tarixi və mədəni fərqlər çoxdur. Amma əsas fərq dövlətin və cəmiyyətin idarə olunma tərzindədir. Sinqapur təbii sərvətlərə sahib olmasa da, idarəetmə mədəniyyəti və insan kapitalına yatırım sayəsində dünyada nüfuzlu mövqe qazanıb. Azərbaycan isə zəngin resurs potensialına malik olsa da, bu imkanlardan xalqın rifahı üçün tam şəkildə istifadə edə bilməyib.
Əgər Azərbaycan Sinqapurdan bir dərs götürmək istəyirsə, bu dərs belə ola bilər: Resurslar deyil, düzgün idarəçilik və təmiz sistem xalqı ayağa qaldırır.
Yaxud, Azərbaycan Sinqapur modeli ilə müqayisədə dəyişmək istəyirsə, ilk addım təhsil, idarəetmə və şəffaflıq sahəsində ciddi islahatlardan keçməlidir.
Hazırladı:
Rövşən Ziya Vəziroğlu