Logistika xərclərinə dəstək mexanizmi necə tətbiq ediləcək?

Azərbaycanda ixracatçı şirkətlərə logistika xərclərinə görə dəstək məbləğinin ödənilməsi mexanizmi yalnız yerli daşıma şirkətləri üçün tətbiq ediləcək.

Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı  deyib.

Onun sözlərinə görə, “Made in Azerbaijan" brendinin təşviqi mexanizmi ilə bağlı hazırlanmış yeni dəyişikliklər layihəsində logistika xərclərinə dəstəyin göstərilmə mexanizmlərinin tətbiqi təklif edilib: “Burada çox vacib şərt o olacaq ki, bütün hallarda mallar sırf yerli nəqliyyat vasitələri və yerli daşıma şirkətləri tərəfindən daşınılsın. Dəstək məbləği də yalnız həmin şirkətlər tərəfindən daşınan mallara şamil olunacaq. Xarici daşıma şirkətlərinə bu güzəşt şamil edilməyəcək. Şirkətlər tərəfindən bizə müraciətlər edilir ki, xarici tərəfdaşları ilə danışıqlar zamanı nümunələrin göndərilməsində çətinliklər çəkirlər. Biz nümunələrin göndərilməsinə də dəstək mexanizmi təklif edirik”.

T.Hacılı qeyd edib ki, logistika xərclərinə dəstəyin göstərilməsi məqsədilə dəstək məbləğinin ölkə ərazisi üzrə 5 il ərzində 70 faizlə verilməsi təklif edilir: “Bu, müddətli bir dəstək mexanizmi olacaq. İşğaldan azad edilmiş ərazilərdə isə 10 il ərzində 100 faiz xərclərin qarşılanması təklif edilir”.