Neft Fondunun aktivləri 9 faizədək artıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna 8,9 faiz artaraq 49,03 milyard dollara yüksəlib.

Fonddan xəbər verilir ki, ümumi portfelin 62,1 faizi və ya 30,4 milyard dollar hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 faizi və ya 9,6 milyard dollar hissəsi isə səhmlərə investisiya edilib.

Portfelin 6,2 faizi və ya 3,1 milyard dollar hissəsini daşınmaz əmlak, qalan 12,1 faizi və ya 5,9 milyard dollar hissəsini isə qızıl investisiyaları təşkil edib.

2022-ci ilin sonuna ARDNF-nin investisiyaları 66 ölkə və 17 valyutanı əhatə edib.

Yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF toplam 7,8 milyard dollar gəlir əldə edib ki, bu da illik ifadədə 2,3 faiz gəlirliliyə bərabərdir. 2022-ci ildə Fondun gəlirliliyi 5,2 faiz olub.