Bu il fermerlərə 1,2 milyon manat sığorta ödənilib

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara təqribən 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, bu, fermer təsərrüfatlarına 2022-ci ildə ödənilən ümumi məbləğin təqribən 50 faizini təşkil edir. Ötən il Fond tərəfindən sığorta hadisələri üzrə fermerlərə ümumilikdə 2,4 milyon manat vəsait ödənilib.

Bildirilir ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel-daşqınlar nəticəsində fermerlərin ASF-yə müraciətləri rekord həddə çatıb. İlin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə Fonda 1000-dən çox müraciət daxil olub.

Müraciətlərin yarıdan çoxu may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.

Leysan yağışları və sel-subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub. Müraciətlərin araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər. Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.

Qeyd edək ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.