Füzuliyə ilk köç karvanı yola düşüb
Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. (AZƏRTAC)