Kommunal pulu “razborka”sı, gerçək borc, yoxsa misli görülməmiş saxtakarlıq..?
Təbriz Vəfalı
2020-ci ilin kommunal pulu “razborka”sı, gerçək borc, yoxsa misli görülməmiş saxtakarlıq...
Jurnalistlər şəhərciyində ciddi narahatlıq və narazılıq doğuran məsələlərdən biri də 2020-ci il üzrə kommunal xidmətlərə görə aylıq məbləğin ödənilib-ödənilməməsi üzündən “Jurnalist Evi” MMC ilə yerli sakinlər arasında yaranmış mübahisədir. Bəzi sakinlər sabiq komendant Bünyamin İsmayılovun adıçəkilən MMC-yə rəhbərlik etdiyi 2020-ci ildə kommunal xidmətlərə görə aylıq məbləğləri ödədiklərini, ödənişlə bağlı çeklər aldıqlarını, komendatın ödənişlə bağlı qeyd dəftərinə qol çəkdiklərini bildirirlər. Lakin sonrakı dövrdə “Jurnalist Evi” ilə Medianın İnkişafı Agentliyinin mərkəzləşdirilmiş vahid informasiya mərkəzi yaradıldığından ödəniş sistemi kompüterləşdirilib və bütün məlumatlar həmin vahid mərkəzdə toplanır. 2021-ci və 2022-ci illərdə deyil, yalnız 2023-cü ildə komendant tərəfindən sakinlərə zəng edilərək onların məhz 2020-ci ilin bir neçə ayı üzrə borcları olduğu bildirilir.
2021-ci və 2022-ci ildə nə üçün zənglərin edilməməsinin səbəbləri hələ də izah olunmasa da, borcunun olmadığını iddia edənlərdən 2020-ci ilin çekləri istənilir. Şübhəsiz ki, sakinlərin böyük əksəriyyəti ödəniş çeklərini saxlamadığı üçün mübahisəli məsələ ciddiləşib. Bünyamin İsmayılovun ödənişlə bağlı qeyd dəftərindən də xəbər yoxdur.
Qeyd edim ki, 2020-ci il üzrə 5 ayı üzrə mənə də şişirdilmiş borc yazılıb. Amma çeklərim olduğu üçün “Jurnalist Evi” MMC tərəfindən saxtakarlığa yol verildiyini aşkara çıxartmışam. Çekləri saxlayan sakinlər də bu cür saxtakarlığın şahidi olub. Çekləri olmayan digər sakinlərin isə gerçək, yaxud saxta kommunal borclar üzrə “razborka”sı hələ də davam edir.
(“Jurnalistlər şəhərciyi, yoxsa cəhənnəm vadisi” adlı hesabatımdan)