“4Sİ Akademiyası" layihəsi çərçivəsində təlimlərə qeydiyyat başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “4Sİ Akademiyası” layihəsinə qeydiyyat başlayıb.
Mərkəzin məlumatına görə, layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Təlimlərə qatılmaq üçün https://4sim.gov.az/en/applicationForm saytında qeydiyyatdan keçmək olar.
Yeni maarifləndirici onlayn təhsil platforması olan "4Sİ Akademiyası" pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula bilər.
Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkündür.
Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.