Azərbaycanda ilk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır
Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bağların salınması prosesində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərir.
Fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadəyə imkan verir. Bu texnologiya üzrə fındıq bağlarının salınmasında əsasən 3x0,6m və 3x0,7m əkin sxemlərindən istifadə olunur. Qeyd olunan əkin sxemləri bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır.
Bu məqsədlə Azərbaycanda ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi demək olar ki, sıfıra endirilib.