Çörək 30 faiz UCUZLAŞACAQ?
Xəbər verdiyimiz kimi Naxçıvanda unun qiyməti kəskin ucuzlaşıb. Buna səbəb kimi yerli buğdadan un istehsalında daha çox istifadə edilməsi göstərilir. Yerli buğdadan un istehsalının artması daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub. Müəssisədə istehsal olunan unun qiyməti 27%-dən çox enib.
Belə ki, 50 kiloqramlıq un 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib. Son 20 gün ərzində 270 tona yaxın un satılıb.
Naxçıvanda həyata keçirilən bu tədbir sözün bütün mənasında təqdirəlayiqdir. Çünki, bu cür tədbirlər hesabına həm fermerlər sərfəli alıcı tapır, həm də əsas qida məhsulu olan çörək üçün ucuz xam mal əldə edilir. Yəqin ki, unun ucuzlaşması çörəyin də qiymətinə öz təsirini göstərir.
Nəzərə alaq ki, hazırda daxili bazarda ərzaqlıq buğdanın bir kiloqramının qiyməti 30-35, unun bir kiloqramı 74 qəpik, çörəyin bir kiloqramı isə 1 manatdır. Göründüyü kimi ərzaqlıq buğdanın qiyməti ilə çörəyin qiyməti arasında 3 dəfədən artıq fərq var. Bu isə beynəlxalq təcrabədə rast gəlinməyən haldır.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildiribb ki, son bir ildə dünya bazarında ərzaqlıq buğdanın qiyməti təxminən iki dəfə aşağı düşüb:“Biz ərzaqlıq buğdanı əsasən Rusiyadan alırıq. Nəzərə alaq ki, Rusiyada həm ərzaqlıq buğdanın qiyməti, həm də rublun dəyəri xeyli aşağı düşüb. Təbii ki, bu da ölkəmizdə unun və çörəyin qiymətinin bir xeyli ucuzlaşmasına səbəb oldu.
Lakin, Bakıdakı qiymətlər istənilən halda 2022-ci ilin yanvarındakı qiymətlərlə eynidir. Halbuki, çörəyin qiyməti indi daha aşağı olmalı idi. Hazırda bir kiloqram unun maya dəyəri 30 qəpiyə yaxındır. Amma bir kiloqram un hazırda bazarda 70-75 qəpiyə təklif olunur”.
Akif Nəsirli Naxçıvanda baş verənləri təqdir etdi:
“Naxçıvanda unun qiymətinin ucuzlaşması yaxşı haldır. Ola bilsin ki, yerli icra qurumları sahibkarlarla iş aparıb və yaxşı da nəticə əldə ediblər. Bu variantın bütün ölkə üzrə tətbiqi də mümkündür. Yaxşı olardı ki, həm buğda istehsalçıları ilə, həm un istehsalçılarıyla və həm də çörəkbişirmə müəssisələri ilə müvafiq dövlət qurumları iş aparsın. Bu baş verərsə, ən yaxın vaxtlarda çörəyin qiyməti ən azı 30 faiz aşağı düşər. Çünki, hazırkı bazar qiymətləri xarici yox, daxili amillərlə bağlıdır”.
Surxay Atakişiyev