Hakim partiya prezidenti məhkəməyə verərək impiçment prosesi başladır

 

Hakim "Gürcü arzusu" partiyası prezident Salome Zurabişvili barədə hökumətin razılığı olmadan xarici səfərlər həyata keçirdiyi üçün impiçment məsələsi qaldıraraq, onun tərəfindən Konstitusiyanın pozulmasını müəyyənləşdirmək üçün məhkəməyə müraciət edəcək.

Bu barədə "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, impiçment üçün hakim partiyadan əlavə, müxalif deputatların da səslərinə ehtiyac var.

"Gürcüstan Konstitusiyası onun pozulmasına cavab vermək üçün yeganə effektiv hüquqi mexanizm olan impiçmenti nəzərdə tutur. Dünən və əvvəlki gün biz dəfələrlə qeyd etdik ki, Konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment mümkün deyil. İmpiçmentin baş tutması üçün 100 deputatın, həmçinin radikal müxalifətin dəstəyi lazımdır. Radikal müxalifətin dəstəyi olmadan impiçment məsələsinin reallaşmaq perspektivi yoxdur. Buna baxmayaraq, partiyanın siyasi şurasının iclasında biz qərara gəldik ki, Gürcüstan prezidentinə qarşı impiçment prosedurunun başladılması ilə bağlı təşəbbüs irəli sürək. Bu ilk növbədə Gürcüstan Konstitusiyası qarşısında bizim məsuliyyətimizdir".- deyə Kobaxidze vurğulayıb Partiya sədri əlavə edib ki, impiçment proses başlayanadək prezidentin Konstitusiyanın tələblərini pozduğunu sübut etmək üçün hakim partiya Konstitusiya məhkəməsinə müraciət edəcək.

Məlumat üçün bildirək ki, hökumət administrasiyası prezident Salome Zurabişvilinin xaricə səfəri məsələsi ilə bağlı bəyanat yayıb və Salome Zurabişvilinin Almaniya, eləcə də digər 9 ölkəyə səfərinə rəsmi icazə vermədiklərini bəyan edib, lakin buna baxmayaraq Salome Zurabişvili ötən gün Almaniyaya səfər edib.