SOCAR şəhid ailəsindən "təşəkkür" tələb edir
"Niyə, "Azəriqaz"? Bu hikkənin səbəbi nədir?"
Bu sözləri Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O bildirib ki, hüquq müdafiəçisidir: "Rəhbərlik etdiyim təşkilat hasilat sənayesində insan hüquqlarını müdafiə edir. Və edəcək də. Həm də yazacaq, məlumatlandıracaq, mövcud problemin həllini tezləşdirmək, diqqəti problemə yönəltmək üçün sosial şəbəkələrdə məlumatları paylaşacaq, məhkəmədə 3-cü tərəf kimi çıxış edəcək və s. Bir az yavaşıyın!".
Komitə sədri bildirib ki, o, Yardımlıdan şəhid ailəsi üzvü olan bir işçinin şikayətini qabardıb və bununla bağlı Azəriqaz İstehsalat Birliyindən sübh çağı saat 06.31-də maraqlı meaj alıb: "Mənə yazıblar ki, "Ölkə prezidentinin SOCAR prezidentinə vermiş olduğu müstəsna səlahiyyət sayəsində bu müraciət təmin edildi". Yəni ki, "zənn etməyin səlahiyyətimiz var idi, amma eləmirdik. Siz yazdığınıza görə elədik"
Qeyd edim ki, bu hikkəli mesaj bir müddət hüquqlarını müdafiə etdiyimiz şəhid ailəsi ilə əlaqadardır. Dünən təsadüfən şəhid ailəsinin şirkət prezidentinə yazdığı (yazdırdıqları) təşəkkür məktubundan anladım ki, şəhid ailəsi yaşadığı ərazidə işlə təmin olunub. Onun yaşadığı ərazidə (anası ağır yataq xəstəsi olduğu üçün) işlə təmin olunmasına çox şadam. Lakin bir də hamıya xatırladıram: minnət qoymayın, təşəkkür tələb etməyin, vətən uğrunda şəhid olan şəxs ailəsini millətinə əmanət qoyub, etibar edib. Onun ailəsini yaşadığı ərazidə işlə təmin etmək sizin həm də mənəvi borcunuz idi".
Xatırladaq ki, söhbət şəhid qardaşı Musayev Rəşad İsmayil oğlundan gedir.