NAHİD MƏMMƏDOV UCALIĞI

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Azərbaycan ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi
addım-addım, kənd-kənd torpaqlarımızı azad edən qəhrəmanların sırasında olub. İndisə Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər Xiyabanında uyuyur. Səadət xanımın danışarkən hələ də “uşağım” dediyi Nahid birdən-birə azad olunmuş torpaqlarda ucalan bayraqlarla
birlikdə böyüyüb-ucalıb. Qardaşı Elməddin ilk nəvə olduğundan hamı onu daha çox
əzizləyirdi. Mənsə daha çox Nahidə bağlıydım. Onu elə uşaq kimi əzizləyərdim. Mənimçün böyüməmişdi elə bil. Anayam, bəlkə ondan tez ayrılacağımı, onu daha az görəcəyimi hiss edirdim. Müharibəyə gedəndə ayıldım birdən. Oğlum o qədər böyüyüb ki, vətəni azad etməyə gedir-deyə düşündüm... Ana nə qədər özünü toparlamağa çalışsa da gözündəki damlalar yanağından süzülmürdü, bütöv düşürdü... Adama elə gəlirdi ki, yer kürəsidi ananın gözlərindən düşən. Müharibələrdən bezən, ağrıyan Yerdi...
1996-cı il iyunun 11-də elə Binədə dünyaya göz açmışdı Nahid. Bütün uşaqlar kimi sevinmiş, ayaq açıb yerimişdi. 2002-2013-cü illərdə Binədəki R. Sadıxov adına 136 №li məktəbdə orta təhsil almışdı. 2013-2014 -ci ildə Azərbaycan Memarlıq və İnşaat universitetinin nəzdindəki İnşaat kollecində oxuyub. 2014-2015-ci ildə Gəncədə, sonra Ağdamın sərhəd kəndində illərlə düşmən qonşuların hərbi cinayətlərinin şahidi olan Xındırıstanda, sonra Yenikənddə müddətli həqiqi hərbi xidmət keçib. Baş əsgər və baş atıcı olub. Xidmət hissəsindən ailəyə tərifnamələr, təşəkkürnamələrlə qayıdıb. Həqiqi hərbi xidmətdən sonra təhsilinə davam edib, “İnformasiya texnologiyaları” ixtisasına yiyələnib. Müxtəlif yerlərdə işləyib, kənardan sakitcə yaşayırmış kimi görünsə də, Nahid sərhəddə keçən xidməti günlərini unuda bilməyib.
Vahid Məmmədov: “Hər gün işğalda olan torpaqlarını görmək çox çətindi. Adam döyüşmək, torpaqları azad etmək istəyir” deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu vətəndi. Onu qorumalısan. Məncə vətəni sevən hər bir kəstorpaqlarımızın ermənilərin işğalında olmasından narahat idi. Döyüşməyə hazır idi. Oğlanlarım məktəbli olanda da torpaqlarımızın ermənilərdə olmasından narahat olurdu. Sindirə
bilmirdi iki oğlum da. Bu işğalla barışa bilmirdilər. Tovuz hadisələri zamanı, Polad Həşimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü yazılmışdı. Heç sorğu-sualı olmadı. Əksinə qürur duydum oğlanlarımla. Mən sevinirəm ki, ləyaqətli oğullar böyütmüşəm. Belə oğullar böyüdən ata-analar qürurluolmalıdır. Məni aparsaydılar, özüm də gedib döyüşərdim. Nahidə qismət imiş. Qardaşını aparmadılar. Düzdü, çox cəsur idi, “erməniyə can verməz” deyə düşünsəm də, şəhid olacağını hiss eləmişdim.
Hər bölüydə seçilmiş əsgərlər olur. Onlar həmişə öndə gedir. Şəhidləri, yaralıları çıxarmağa da onlar gedir. Düşmən əlinə keçməsin deyə şəhidləri, yaralıları döyüş bölgəsindən çıxarmaq da hər döyüşçünün bacardığı iş deyil. Bunun üçün möhkəm iradə, cəldlik, psixoloji və fiziki güc gərəkdir. Nahid Məmmədov məhz belə döyüşçü idi. Şəhidləri təhlükəli ərazidənçıxarmaq, yaralıları xilas etmək döyüşməkdən asan deyildi. “Bizim xilasedici”miz idi”- dedi döyüş yoldaşları. 14 oktyabr... 530 yüksəkliyi uğrunda gedən döyüşlər ən ağırdöyüşlərdən oldu. Yüksəklik güclü müdafiə olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə, üzbəüz atışmalarla irəliləyən oğulları təsəvvür edin...
Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik Ağdərənin açarı idi. Füzuli Balakişizadə də çoxu kimi 27 avqust 1999-cu ildə İkinci Qarabağ savaşından illər sonra anadan olub. Orta təhsilini
bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Sonra Həqiqi hərbi xidmətə yollanıb: Ərazilərimizin işğalda olmasıyla barışa bilmirdim. Elə bilirdim ki, mütləq mən döyüşməliyəm. Hərbi xidmətə gedəndə özümüsavaşa gedən kimi hiss edirdim. Torpaqların azadlığı fikri beynimə oturmuşdu. Bəlkə elə uşaqlıqdan adımla birlikdəruhuma hopmuşdu. 26 sentyabrdan 27-nə keçən gecə artıqdöyüşə hazır idik. Müharibənin necə ağır olduğunu bilsək də hamımız sevinirdik. İlk gündən özümü qalib hiss edirdim. Nahidkönüllülərdən idi. Əslində komandirlər könüllüləri qabağa buraxmamağa çalışırdılar. Amma Nahidi saxlamaq olmurdu. “öndə gedəcəm” deyə inad edirdi. Dayanan kimi “nə vaxt irəli gedirik” deyirdi. Hücumda, döyüşdə həmişə öndə getmək döyüş bacarığı, psixoloji hazırlıq, cəsurluq tələb edir ki, Nahid beləoğul idi. Ağdərə, Suqovuşan uğrunda döyüşlərdən keçmişdik. Suqovuşan azad idi. 530 yüksəkliyini almalıydıq. Nəsə sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözlə də olsa təbrik etmək istədik. Mina yağışı başladı. 3-5 m məsafədə düşdü minalardan biri. Qəlpələr üstümüzə yağdı. Yaralandım. Anar da yaralandı. Yarası nisbətən yüngül olduğundan bizi o təxliyə etdi. Gözüm Nahiddə idi. Nahidin şəhid olduğunu hiss etdim. Müharibənin ən ağrılı tərəfi döyüş yoldaşlarını itirməkdi. Hələ də unuda bilmirəm o səhnəni.
“Yüksəkliyə birinci özüm qalxacam” deməyini unuda bilmirəm. Elə yüksəkliyə qalxmağı arzulayırdı ki... Kədərləndi Füzuli. Mən də ona onsuz da unuda bilmədiyi anları bir daha yaşatdığım üçün kədərləndim. Həm də sevindim. Sevindim ki, bizim hələ uşaq dediyimiz bu oğullar işğalda olantorpaqların azadlığı kimi tarixi xoşbəxtlik yaşadılar.
Səadət xanımın xatirələrindən: Dördüncü sinifdə oxuyurdu. Bir gün həyacanla evə gəldi. “Ana, müəllim “Mənim arzum” mövzusunu yazmağı tapşırıb. Özü də on cümlədən çox olmasın. Yazım, sən də baxarsan-dedi. Oxudum maraqla. Yazısı qəzetdə də çap olundu: Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olunmuş 20 % torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əgər mən də böyük olsaydım orpaqlarımızın müdafiəsinə qalxardım”.
Belə yazmışdı Nahid Məmmədov “Mənim arzum” mövzusunu. Bu arzuyla böyüdülər qeyrətli oğullarımız. O qədər böyüdülər ki, ən uca zirvəyə qalxdılar elə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azdlığına görə” medallarına layiq olan Nahid Məmmədov kimi...


Kamalə Abiyeva