Ucuz almanın sirkəsi NİYƏ BAHADIR?
İnsan sağlamlığı üçün alma kimi, onun sirkəsi də olduqca faydalıdır. Bazarda yerli almanın qiymətinin ucuz olmasına baxmayaraq, ondan hazırlanan sirkənin qiyməti kifayət qədər bahadır.
Alma sirkəsinin bir çox faydaları var və bu səbəbdən çox istehlak olunan məhsullar sırasındadır.
Bu məhsul ağız boşluğunda yaranan pis qoxu, ödəm, qəbzlik, şişkinlik, mədə ağrısı, qaşınma, əzələ xəstəlikləri, artıq çəki problemi, stres və saymaqla bitməyən bir çox problemlərin dərdinə dərmandır.
Bu cür və daha çox faydalı seqmentlərə malik olan alma sirkəsi marketlərdə olduqca bahadır. Digər meyvələrdən hazırlanan sirkələr 1-2 manata satıldığı halda, alma sirkəsi 3 manat və daha yuxarı qiymətə təklif edilir.
Azərbaycanda alma sirkəsinin daha baha olmasına səbəb olan amil nədir?
Bununla bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirlinin bildirib ki, xarici ölkələrdə alma sirkəsinin reklamı sayəsində əhali bu məhsuldan istifadə edir və tələbat artır. Azərbaycanda isə son illərdə bu məhsula maraq artıb:
“Son illər dünyanın inkişaf etmiş ölkələrində alma sirkəsinə ehtiyac günü-gündən artır. Bu da alma sirkəsinin şəfalı bir məhsul olması ilə bağlıdır. Adətən xarici ölkələrdə bu məhsula tələbatın genişləndirilməsi üçün müəyyən təbliğatlar aparılır. Azərbaycanda da bu istiqamətdə işlər gedir. Əvvəllər sirkəyə tələbat çox aşağı olsa da, hazırda kifayət qədərdir. Getdikcə alma sirkəsinə tələbat artmasına baxmayaraq bunun istehsalının genişləndirilməsi tələbata adekvat reaksiya vermir. Düşünürəm ki, bazar bunu özü gələcəkdə həll edəcək”.
Ekspertin sözlərinə görə, alma sirkəsinin hazırlanması üçün Azərbaycanda kifayət qədər potensial var, sadəcə zaman lazımdır ki, istehsalı genişləndirilsin:
“Sahibkarlar alma sirkəsinə olan bazar tələbatına qarşılıq olaraq, sirkə istehsalına yönələ bilər. Yaxın müddət ərzində bir çox sahibkar bu istiqamətdə biznesi genişləndirməyə ehtiyac duyacaq”.
Röyanə Oğuz