Yerli makaron istehsalı niyə azalır?

Makaron bərk taxıldan hazırlanır. Azərbaycan isə bu taxılı Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan alırdı. Müharibə ilə əlaqədar taxıl alışında problemlər yaranıb. Bu da ölkədə makaronun istehsalına təsir edib. İstehsalçılar makaronun maya dəyərini azaltmaq üçün bərk taxılın faizini azaldırlar.

İtaliya mətbəxinin əsas yeməyi hesab olunur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxıb. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanır. Yəqin çoxunuz təxmin etdiniz söhbət hansı yeməkdən gedir. Makarondan danışırıq. Makaron bizim ölkəmizdə daha çox tələbə yeməyi kimi tanınır. Hazırlanması asan və rahat, qiyməti ucuz olduğu üçün alıcısı da boldur. Son məlumatlara görə ölkəmizdə bu məhsulun istehsalı 25 faiz azalıb. Bəs görəsən azalmanın səbəbi nədir? İstehsalın azalması əsasən kasıb və orta təbəqənin istifadə etdiyi makaronu bahalaşdıra bilərmi?

 

 

Qiymətlərə təsir göstərməyəcək

İqtisadçı Xalid Kərimlinin fikrincə, yerli mallar idxal məhsulları ilə rəqabət apara bilmir deyə, istehsalın azalması normal qarşılanmalıdır: “Makaron istehsalının azalmasının səbəbi rəqabətdir. Amma bunun iqtisadiyyatımıza, bazarımıza heç bir təsiri olmayacaq. Çünki makaron bazarında idxal yerli istehsalı sıxışdırır. İdxal yerli istehsalı sıxışdıranda daha ucuz imkanlar meydana gəlir. Bu zaman da, yerli istehsal idxal qiymətləri ilə mübarizə apara bilmir. Ölkəmizə makaron idxalı əsasən qonşu dövlətlərdən - İrandan, Türkiyədən, Rusiyadandır. Yerli istehsalçılar da o keyfiyyətlə, o qiymətlərlə məhsul təqdim edə bilmədiklərinə görə bazar paylarını itirirlər”.

X.Kərimli dedi ki, istehsalın azalması qiymətlərə təsir göstərməyəcək: “Burada vətəndaş, alıcı üçün qorxulu bir şey yoxdur. Makaron bazarında yerli məhsulumuzdan çox xarici məhsul mövcuddur. Azərbaycanın makaron istehsalçıları rəqabətə dözə bilməyib istehsalı azaldır. Sadəcə, istehsal edən müəssisənin qazancı azalacaq, sonra da işi apara bilməyəcək, yerli istehsalı bağlayıb çıxıb gedəcək. Yerli makaron istehsalının azalması qiymətlərə də təsir etməyəcək”.

 

 

Xaricdən asılılıq azaldılmalıdır

İqtisadçı Akif Nəsirlinin fikrincə, istənilən halda yerli istehsalı artırmaq və xaricdən asılılığı azaltmaq lazımdır: “Amma təəssüf ki, idxal sahibkar üçün daha səmərəli görünür. Bütün sahələrdə, o cümlədən makaronla bağlı yerli istehsaldan çox idxala üstünlük verirlər. Bu isə ölkənin ərzaq təhlükəsizliyini təhdid altında qoyur. Makaron un məhsuludur. İstənilən ölkənin daxilində yerli tələbat qədər istehsal etmək mümkündür. Hökumət bu cür sahələrin inkişaf etdirilməsinə, idxalının azalmasına çalışmalıdır”.

İstehsalçılar problem olmadığını deyirlər

Makaron istehsalçısı olan şirkətlərdən sorğumuza cavab olaraq bildirildi ki, hazırda onların istehsal prosesində problem yoxdur: “İstehsal prosesinin azalması barədə dəqiq məlumat yoxdur. Lakin makaron istehlakı yay aylarında daha az olur. Hazırda makaron fabrikinin aylıq istehsal gücü 3200 tondur. Fabrik 11 fərqli çeşiddə qısadoğranmış makaron və 2 çeşiddə spagetti istehsal etmək gücünə malikdir. İstehsal prosesində heç bir çətinlik müşahidə olunmur. Makaron və spagetti çeşidlərimizin istehsalında dünyanın müxtəlif ölkələrindən alınmış sərt durum buğdasından istifadə edilir”.

 

 

Taxıl alışında problemlər yaranıb

İstehsal meneceri Sayat Quliyeva isə düşünür ki, yerli makaron istehsalının azalmasının əsas səbəblərindən biri buğdadır: “Makaron bişirildiyi zaman dağılmasın deyə bərk taxıldan hazırlanır. Azərbaycan isə bu taxılı Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan alırdı. Müharibə ilə bağlı taxıl alışında problemlər yaranıb. Bu da makaronun istehsalına təsir edib. İstehsalçılar makaronun maya dəyərini azaltmaq üçün bərk taxılın faizini azaldırlar. İstehlakçı olaraq vitrinə baxanda yerli istehsal olan makaronların keyfiyyətini rəngindən görmək olur. Görünür ki, bərk taxıldan az istifadə olunur”.

 

 

Fərqli makaron çeşidləri hazırlamaq lazımdır

Qida məsələləri üzrə ekspert Ağa Salamovun fikrincə, yerli istehsalın önə keçməsi üçün makaron çeşidlərində fərqlilik lazımdır: “Əgər müasir zəmanənin tələblərinə uyğun makaron istehsal olunsa, bu halda yerli mallarımız xarici məhsullar tərəfindən sıxışdırılmaz. Türkiyədə xarici markaları vurub sıradan çıxarırlar və onlardan da yaxşı məhsul təqdim edirlər. Amma bizdə yerli istehsalda inkişaf yoxdur. Fərqli makaron çeşidləri hazırlamaq, qablaşdırmaya diqqət etmək lazımdır”.

Zərif Salmanl