Qarabağda ölən rus hərbçiləri kimlərdir?

Agədərə rayonunun Canyataq kəndi ərazisində faciəli şəkildə həlak olan Rusiya sülhməramlılarının rütbələri və adları açıqlanıb.

Onlardan biri birinci dərəcəli kapitan, ikisi polkovnik, biri isə polkovnik-leytenant rütbəsi daşıyan zabitlərdir. Sankt-Peterburq sualtı qayıqlar və donanma veteranları klubunun “Teleqram”da yaydığı məlumata görə, ölən hərbçilərdən biri Şimal Donanmasının rəhbərliyində hərbi-siyasi işlər üzrə komandirin müavini vəzifəsini tutan birinci dərəcəli kapitan İvan Kovqandır. O, iki ay əvvəl Qarabağa ezam olunub və sülhməramlı kontingentin komandan müavini vəzifəsində çalışıb.

Bu arada Rusiyanın “Ura.ru” portalı yazır ki, Mərkəzi Hərbi Dairənin polkovniki Tagir-Murod Karaev də ölənlər arasındadır. Portalın məlumatına görə, polkovnik Karaev Mərkəzi Hərbi Dairənin 29-cu briqadasında radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarında xidmət edib. Bir müddət əvvəl sülhməramlı qüvvələrin tərkibində Qarabağa göndərilib.
Qeyd olunur ki, Tagir-Murod Karaev hərbçilərlə birgə tabeliyində olanları əvəz etməyə gedərkən onların içində olduğu “UAZ-Patriot” markalı avtomobil Canyataq kəndi yaxınlığında atəşə tutulub. Maşında olan hərbçilərin hamısı ölüb.

“RİA Novosti” agentliyi yazır ki, şübhəlilər artıq saxlanılıb, insidentə cavabdeh olan komandirlər isə vəzifədən kənarlaşdırılıb.