AZAL-ın yeni qazanc yolu narazılıq doğurdu - dayanacaqda 3 günün qiyməti 35 manat oldu..
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti hava limanı ərazisində minik avtomobilləri üçün parkinq qiymətini qaldırıb. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, standart 24 saat üçün nəzərdə tutulan 5 manatın üstünə hər yeni gün üçün 15 manat təyin edilib.
Qeyd edilib ki, artıq üç həftədir ki, yeni qiymətlərin tətbiqinə başlanıb.
Onu da bildirək ki, daha öncə dayanacaqda standart qiymət bir gün üçün 5 manat təşkil edib.
Sosial şəbəkə istifadəçiləri xəbəri etirazla qarşılayıb, narazılıq ediblər.
- Akif Nəsirli: “Aviadaşıma bazarında AZAL inhisarçı qurum olduğu üçün bütün qiymətləri istədiyi kimi müəyyən edir”
Iqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, AZAL Azərbaycanın aviadaşıma sektorunda şəriksiz inhisarçıdır. Müxtəlif törəmə şirkətləri var. Ancaq bu o demək deyil ki, AZAL Azərbaycanda həmin şirkətlərlə rəqabət aparır: “Rəqabət mühiti olmadığı üçün AZAL son illər qonşu ölkələrlə müqayisədə aviareyslərin qiymətini bir neçə dəfə artırıb. O cümlədən, AZAL öz ərazisində təyyarələrin yanacaqdoldurma xərcini də artırıb. Bununla yanaşı, AZAL parkinq qiymətlərini də qaldırıb. Aviadaşıma bazarında AZAL inhisarçı qurum olduğu üçün bütün qiymətləri istədiyi kimi müəyyən edir. Bu səbəbdən də AZAL-ın özbaşınalıqlarını müşahidə edirik. Məlumdur ki, bütün dövlət qurumlarında qiyməti Tarif Şurası müəyyən edir. Ancaq AZAL-ın müstəsna səlahiyyəti olduğu üçün istənilən vaxt, istənilən məbləği qiymət olaraq müəyyən edir”.
Həmsöhbətimiz hesab edir ki, AZAL-ın parkinq qiyməti ilə bağlı qərarı ədalətsizdir. Bu sahədə rəqabət olarsa, AZAL-da qiymət dəyişikliyi baş verər. Rəqabət mühiti olmadığı üçün AZAL qiymətləri bahalaşdırmaqda davam edir: “Bu sahədə bir neçə şirkət fəaliyyət göstərərsə rəqabət mühiti yaranar. Azərbaycana dünyanın digər beynəlxalq aviakompaniyalarını dəvət eləmək və onun inhisarçılığını aradan qaldırmaq lazımdır”.
- Aslan Əsədov: “Qiymət artımları insanlar tərəfindən müsbət qarşılanmır”
Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qiymət artımları xidmət səviyyəsinin yüksəlməsinə səbəb olmalıdır. Ancaq bunun əksi müşahidə olunur. Qiymət artımı ilə yanaşı xidmətlər də inkişaf etməlidir.
Günel CƏLİLOVA