Rusiyada 136 milyon tondan çox taxıl yığılıb
Rusiya Kənd Təsərrüfatı Nazirliyində Operativ Qərargahın növbəti iclası keçirilib. Kənd təsərrüfatı naziri Dmitri Patruşev aqrar-sənaye kompleksinin regional hakimiyyət orqanlarının rəhbərləri ilə mövsümi tarla işlərinin gedişi, fermerlərin maddi-texniki resurslarla təminatı və dövlət dəstəyi məsələlərini müzakirə edib.
Nazirin sözlərinə görə, ümumilikdə vəziyyət stabildir. Payızlıq əkin sahəsi hazırda 14 milyon hektardan çoxdur, cari il üçün plan 20 milyon hektardır.
Hazırda yağlı bitkilərin, şəkər çuğundurunun, tərəvəz və kartofun yığımı aktiv mərhələdədir. Bu günə olan məlumata görə, bunker çəkisində 136 milyon tondan çox taxıl yığılıb. Dmitri Patruşev vurğulayıb ki, 2023-cü ilin taxıl məhsulu daxili bazarın tam təminatına, eləcə də ixrac öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verir.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri xatırladıb ki, ötən kənd təsərrüfatı mövsümündə taxıl bazarının dəstəklənməsi üzrə kompleks tədbirlər həyata keçirilib və bu, vəziyyəti sabitləşdirməyə imkan verib. Bu il də əlavə qərarlar tələb olunur. Bununla əlaqədar, 118 saylı qərar çərçivəsində taxıl istehsalçılarına dəstək üçün ilin sonuna qədər 10 milyard rubl ayrılacaq. Üstəlik, ilin sonuna qədər vəsait tam olaraq alıcılara verilməlidir. Həmçinin 2024-cü ilin birinci yarısında bu məqsədlər üçün daha 10 milyard rublun ayrılması planlaşdırılır.
Bundan əlavə, 2 milyon tona qədər taxıl intervensiyasının (yəni dövlət ehtiyatları üçün fermerlərdən taxıl alınacaq) aparılması barədə qərar qəbul edilib. Alış-verişin ilin sonuna qədər başlanacağı, qiymətlərin bazar qiymətlərindən yüksək olacağı planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri həmçinin xatırladıb ki, Mərkəzi Bankın əsas faiz dərəcəsinin artırılması fonunda hökumət aqrar sektorun güzəştli kreditləşdirilməsi mexanizmini əlavə olaraq dəstəkləyib. Bu məqsədlə daha 55 milyard rubl ayrıldı ki, bu da keçən həftədən etibarən mövsümi sahə işləri zamanı aktual olan “qısa” kreditlər də daxil olmaqla yeni kreditlərin verilməsini bərpa etməyə imkan verdi.