Turizm Agentliyi normal işləsə, "turizm kapitalımız" xaricə axmaz...
Akif Nəsirli: “…inhisarçılara qoşulub bizneslə məşğul olur”
Azərbaycanda turizim biznesinin genişlənməsi əsas hədəflərdən biri olsa da, təəssüflər olsun ki, sahibkarların əksəriyyəti yerli turizmə capital qoymaq istəmir. Gizlin deyil ki, azərbaycanlı sahibkarlar xarici ölkələrdə turizm biznesinə vəsait qoymaqda daha çox maraqlıdır.
Ekspertlərə görə, Azərbaycandan turizim kapitalının xaricə axınına səbəb olan daxili problemlər var ki, o problemin də yaranmasına yersiz şərtlər, müəyyən neqativ hallar səbəb olur. Ekspertlərə görə, turizim kapitalının xaricə axınının məsuliyyəti ilk olaraq Azərbaycan Turizm Agentliyinin üzərinə düşür ki, görünür bu qurum onlara lazımı şərait yaratmadığı üçün onlar vəsaiti xaricə aparırlar.
Mətbuatın araşdırmasına görə, bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb. Türkiyədə Azərbaycan biznesinin Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşdığı vurğulanır. Mətbuata görə, Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir.
Çox maraqlı faktlardır. Azərbaycan sahibkarları yerli turizm biznesinə vəsait qoymağa risq etmirlər və üz tuturlar xarici ölkələrə. Baxmayaraq ki, Azərbaycan dövləti turizim biznesinin inkişafında maraqlıdır və onlara konkert yerlər də ayrılıb, amma görünür aidiyyəti qurumun hansısa tələbləri olur və bu da sahibkarları qaçırır.
Azərbaycan turizm biznesinin pulları niyə xaricə yönəlir? Azərbaycanın iş adamları turizm biznesinin pulunu niyə aparıb xarici ölkələrdə qoyurlar, niyə Azərbaycanda qoymurlar?Bunun səbəbi nədir? Azərbaycan turizm agentliyi hara baxır? Niyə turizim biznesinin ölkədən çıxmasına şərait yaradır ki, kapital xaricə axsın?
- “Əgər Agentlik turizim biznesi ilə məşğul olmaq istəyən yeni sahibkarlara dəstək olsaydı onlar bu qədər kapitalı xaricə daşımazdılar”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Son vaxtlar Azərbaycandan kapital axının güclənməsi doğrudan da narahatlıq doğurur. Bu kapitalın çox uzaq ölkələrə deyil, qonşu Gürcüstana, Rusiyaya, qardaş Türkiyəyə yönəlməsi təəccüb və narahatlıq doğurur ki, nə üçün Azərbaycanda biznes kapitalı başqa ölkələrə axın edir. Ölkənin daxilinə, daxili turizmə sərmayə qoyulmaması narahatlıq doğurmaya bilmir. Ölkənin daxilinə sərmayə qoyulmamasının birinci əsas səbəbi biznes mühitinin münbit olmamasıdır. Biznes mühitinin münbit olmamasına gətirib çıxaran səbəblər nədir? Bu səbəblər sırasında birinci yeri ölkə daxilində inhisarçılığın olması tutur. İnhisarçılar yeni biznesə başlayanları, mübağiləli desək, dərhal “udurlar”. Ona görə də yeni başlayan şirkətlər Azərbaycanda uğur qazana bilmir və qərara gəlir ki, gedib xarici ölkələrdə biznesini qursun”-deyə bildirdi.
A.Nəsirlinin fikrincə, digər tərəfdən, Azərbaycanda biznes yönümlü mülkiyyətə real zəmanət yoxdur, düzdür, qanunvericiliklə verilən zəmanət var, amma ölkədə istənilən an sahibkar öz biznesini, əmlakını itirə bilər, bu təhlükə var. “Real zəmanət verilməlidir. Digər tərəfdən, qanunun aliliyi prinsipi qorunmur, müstəqil məhkəmələr yoxdur. Bunun nəticəsində ölkə daxilində biznes mühiti yumşaldılsa da, ona hələ sahibkarların etibarı yoxdur”.
Turizm kapitalımızın xaricə kütləvi axınına gəlincə, A.Nəsirli qeyd etdi ki, bunun səbəblərindən biri bu sahəyə məsul olan qurumun özünün buna şərait yaratmasıdır. “Turizim biznesi monopoliyadadır. Ölkədə bir Turizm Agentliyi var, mövcud monopoliyanı bu qurum aradan qaldırmalıdır, yeni sahibkarlara yol açmalıdır. Amma Turizm Agentliyi bu sektorda vəziyyəti normallaşdırmaq, inhisarçılığa qarşı mübarizə aparmaq, yeni biznesə başlayan sahibklara dəstək olmaq əvəzinə inhisarçılara qoşulub bizneslə məşğul olur. Yəni turizim kapitalının xaricə axınının əsas səbəbləri bunlardır. Əgər Agentlik turizim biznesi ilə məşğul olmaq istəyən yeni sahibkarlara dəstək olsaydı, onlar bu qədər kapitalı xaricə daşımazdılar”-deyə A.Nəsirli əlavə etdi.
Əli TURABOV19:03:17