Milyardlar qazandıracaq LAYİHƏ – Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR
“İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, - deyə o bildirib.
Mirkazemi həmçinin deyib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.
Məlumdur ki, Rusiya ilə İranı birləşdirəcək ən unikal kommunikasiya xətti Şimal-Cənub dəhlizidir. Bu dəhliz isə Azərbaycandan keçir.
Elə isə İranla Rusiya arasındakı bu anlaşmanın Azərbaycana hansı iqtisadi və siyasi faydaları ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Beynəlxalq aləmdən iqtisadi sanksiyalar hesabına təcrid olan ölkələrin bir-birinə çox böyük ehtiyacı var:
“İş elə gətirib ki, bu iki ölkəni birləşdirəcək ən sərfəli nəqliyyat dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də Rusiya ilə İran arasındakı bu razılaşmanın Azərbaycana çox böyük faydası ola bilər. Təkcə tranzit daşımalarından Azərbaycanın dövlət büdcəsi yüz milyonlarla dollar qazanacaq”.
Akif Nəsirli bu layihənin Azərbaycana gətirəcəyi siyasi dividendlərdən də danışıb:
“Məlumdur ki, Rusiya və İranın maraqları heç də hər zaman Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Ona görə də bu layihənin reallaşacağı təqdirdə Azərbaycan böyük ölçüdə siyasi dividend əldə edəcək. Nə qədər ki, həm İran, həm Rusiya Azərbaycana ehtiyac duyacaq, bir o qədər məcburdurlar ki, Azərbaycanla münasibətləri normal saxlasınlar.
Bir sözlə bu iki dövlət arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması Azərbaycana həm siyasi, həm də iqtisadi dividend gətirə bilər. Ona görə də iki qonşu dövlət arasında reallaşacaq bu layihə Azərbaycan üçün müsbət tendesiyadır və bizim milli və dövlət maraqlarımıza tam uyğundur”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bunları deyib:
“Rusiya ilə İran arasında Azərbaycan üzərindən yükdaşımaların artması təbii ki, ölkəmiz üçün xeyirlidir. Çünki, onlar öz aralarında idxal-ixrac rüsumlarını ləğv edə bilərlər. Lakin bu tranzit rüsumlarına aid deyil. Ona görə də qərarın Azərbaycana heç bir aidiyyatı yoxdur.
Amma yük dövriyyəsi artacaqsa təbii ki, Azərbaycan da traniz ölkə olaraq bundan müəyyən vəsait əldə edəcək. Qabaqcadan hansısa rəqəm səsləndirmək doğru deyil. Amma bütün hallarda bu qərar Azərbaycanın tranzit gəlirlərinin artmasına səbəb olacaq”.
Surxay Atakişiyev