SOCAR 50 işçisini işdən qovub
"Bu həm də, ölkədə işsizliyin artmasına köməklik edən bir siyasət hesab oluna bilər!" - bu çağırışla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.
"SOCAR-ın "seqment məsul şəxsləri" deyərək, xitab edən M.Qəhrəmanlı "Ciddi araşdırılmalı və təcili tədbir görülməsi mütləqdir" tələbilə bildirir: "Əgər yazılanlar həqiqətdirsə, kütləvi surətdə işsizliyə rəvac verən rəis cəzalanmalıdır. Deyirlər rəis təzə təyin olunub?!"
M.Qəhrəmanlının yuxarıdakı reaksiyasına səbəb isə bir şikayət xarakterli müraciə olub.
Müraciəi olduğu kimi təqdim edirik: "SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Hüseynov 23.10.2023-cü il tarixində idarənin 31 saylı komandasının 50 nəfərdən çox işçisi ilə bağlanılmış müvəqqəti əmək müqaviləsinin (zamanında iş daimi xarakterə malik olduğu halda işçilərlə qeyri-qanuni olaraq, məqsədyönlü şəkildə, müvəqqəti, yəni müddətli müqavilə bağlanılıb) müddətini uzatmayıb. Bəzi işçilərə də deyiblər ki, siz bu müddətdə (3-4 il müddətində) 2-3 dəfə xəstəlik vərəqəsi təqdim etmisdiniz.
Rəisin öngörənliyi!
Məlum olduğu kimi, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu AR Əmək Mməcəlləsinin 45.5-ci maddəsinin tələbidir. Rəis işini həm də ehtiyatlı görür ki, gələn il həmin müqavilələr daimi xarakterə malik olmasın . Əgər daxil olan məlumat düzdürsə, idarə rəisi cəzalanmalıdır."
Qeyd edək ki, bu şikayəti təqdim edən M.Qəhrəmanlı eyni zamanda ironik təklif irəli sürüb: "SOCAR və Neft və Qaz Sənayesi İşçilərinin HT ilə bir Əmr-Qərar hazırlayın və ümumiyyətlə, işçilərə xəstələnməyi qadağan edin..."