“Ət daha da UCUZLAŞACAQ” – AÇIQLAMA

Bəzi pərakəndə satış məntəqələrində mal ətinin qiyməti 10-12 faiz ucuzlaşı. Belə ucuzlaşmanı əsasən yay aylarında müşahidə etmək olurdu. Lakin soyuq havalarda ətin qiymətinin ucuzlaşması bir qədər maraq doğurub.

Ucuzlaşmaya səbəb nədir?

Məsələylə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ətin qiymətinin nisbətən aşağı düşməsi əsasən alıcı qıtlığı ilə bağlıdır:
 İlin sonuna doğru bəzi insanların gəlirləri azalır. Nominal gəlirlər olduğu kimi qalsa da real gəlirlər bir qədər azalıb. Artıq bəzi insanlar ətə daha əvvəlki kimi pul xərcləyə bilmirlər. Tələb azaldığı üçün də qiymətlərdə azalma, durğunluq müşahidə olunur. 

Təsadüfi deyil ki, qiymət əsasən ucqar rayonlarda düşüb. Qiymət artımının digər səbəbi bazara əvvəlkindən daha çox heyvanın çıxarılmasıdır. Qarşıdan qış gəlir. Qışda isə heyvanı saxlamaq bir qədər çətinləşir. Yəni ot, yem xeyli bahadır. Ona görə də imkanı zəif olan fermerlər qışa daha az heyvan saxlayır. Hazırkı ucuzlaşma bir müddət davam edəcək. Amma yanvar-fevral aylarında qiymət yenidən bahalaşacaq”. 

Akif Nəsirli Beyləqanın heyvan bazarında apardığı müşahidələrdən də söz açıb:

“Müşahidələrimdə də gördüm ki, bazara çıxarılan heyvanların az hissəsi satıldı. Belə deyə bilərəm ki, hazırda bölgələrdə “mal bazarları”na çıxarılan heyvanların 40 faizi satılmadan geri qayıdır. Təbii ki, təklifin çoxluğu qiymətlərə öz təsirini göstərir. 

Nəzərə alaq ki, qiymətlər bəzi hallarda süni şəkildə artırılır. Məsələn, Mərkəzimizin apardığı araşdırmalardan aydın olur ki, bölgələrdəki bazarlarda mal əti ortalama 8-9 manata təklif olunur. Yol, kəsim və digər xərcləri də bunun üzərinə gələndə ətin Bakıda maya dəyəri gəlib çıxır 10-11 manata. Amma kiloqramı 14-15 manata satılır. Bakıda ətin baha olmasının bir səbəbi də ət bazarının az olmasıdır. Bəzi işbazlar bundan istifadə edərək bazarda dominantlıq edirlər”.

Surxay Atakişiyev,