"Karaca"nın "Kenwood"u istehlakçıların başına bəla olub

Son zamanlar "Karaca" mağazalar şəbəkəsinin satdığı məişət əşyalarından istehlakçı şikayətləri artmaqdadır. Belə şikayətlərdən biri də Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynova, Bakı şəhər Nəsimi rayonu M.Mirqasımov 21 ünvanında yaşayan M.Əliyeva tərəfindən ünvanlanıb. Məktubun məzmunu maraq doğurduğu üçün onu olduğu kimi dərc edirik.


- Sizə bildirirəm ki, 04.10.2023 cü il tarixində Bakı şəhər Nəsimi rayon, Azadliq 99 ünvanda yerləşən "Karaca" mağazasının filialından 195 manatlıq "Kenwood" markalı şirəçəkən maşını aldım. Lakin evə gətirib şirəçəkəni işlədən zaman onun zay mal oldugunu müəyyənləşdirdi. Belə ki, meyvə dograyıb çəkən zaman meyvənin kiçik qabıqlarının şirəçəkənin kənarlarından kənara sıçradıgını gördüm. İşimlə və evdə xəstə övladım olması ilə əlaqədar olaraq şirəçəkəni 14 gün ərzində deyil, 29.10.2023-cü il tarixdə "Karaca" magazasına, mənə verilmiş 2 illik zəmanət talonu ilə bərabər apardım. Mağazadan tələb etdim ki, mal zavod qüsurlu olduğu ücün qüsursuz malla dəyişdirilsin. Lakin magazadan mənə bildirdilər ki, şirəçəkəni Əhməd Rəcəbli 2/1 ünvanda yerləşən "Texnoservis"ə aparım və iradlarınızı onlara bildirin. Mən özümlə bərabər "Texnoservis"ə meyvə apararaq orada şirəçəkəni işlətdik və servisin ustası onun həqiqətən də texniki qüsurlu oldugunu bildirdi və bu maldan bir neçə alıcının narazı qaldıgını dedi. Bir gün şirəçəkənin texnoservisdə qalmalı olduğunu bildirdilər. 01.11.2023-cü ildə servisin nümayəndəsi mənə servisə yaxınlaşıb, onların tərtib etdikləri "istifadəyə yararsız" qeydi edilmiş talonla bərabər, şirəçəkəni onlardan götürməyimi istədilər. Işimlə əlaqədar olaraq onu 03.11.23-cü ildə "Texnoservis"dən götürüb yenidən "Karaca" magazasına gəldim. Yolda talona baxdım ki, burada mənə böhtanlar yazılmış - guya ki, mən maşına cızıqlar cəkmişəm! Bunu bilərəkdən servisdə etmişlər ki, günahı mənim boynuma atsınlar. Lakin yenə də burada olan satıcı və satış meneceri Günay xanım (0773242503) mənə eyni "Kenwood" markalı şirəçəkəninin digər yenisini verdilər. Mən onlarla şərt kəsdim ki, üstümdə olan meyvəni onlarla bərabər yeni "Kenwood" markalı şirəçəkənində çəkib onun yararlı olduğunu bir daha təsdiqləyə. Şirəni çəkən zaman yenə eyni problemi müşahidə etdik. Bütün bunlara baxmayaraq "Karaca" dükanının menecer və satıcıları (Nəsimi filialının) şirəçəkəni başqa markalı şirəçəkənlə əvəz etməyəcəklərini bildirdilər. Hətta, satıcının mənə məsləhəti bu oldu ki, şirəçəkənin kənarlarından çıxan meyvə qırıqlarının qarşısını "skoç" və ya dəsmal ilə tuta bilərəm. Dəfələrlə xahiş və tələb etdim ki, eyni qiymətə digər markali mallar var, ondan versinlər, lakin razılaşmadılar. Məni o həddə çatdırdılar ki, şirəçəkən maşınını magazada qoyub ordan kənarlaşdırmaq, servisin yazdığı talonu da alıb saxladılar. Hətta, mənə son sözləri bu oldu ki, gedin kimə istəyirsiz şikayət edin, biz belə işləyirik - Günay dedi!

Belə görünür ki, “Karaca” dükanlarından əşya almağa gedən alıcı özüylə ət, meyvə və s. aparsa da burdakı malların keyfiyyətsizliyini sübut edə bilməyəcək!

Xahiş edirəm mənə bir köməklik edəsiz. Mənə şirəçəkən lazımdır, evdə xəstə övladım var. "Karaca" magazasının Nəsimi filialının əlaqə telefonu (077 324 25 03) ilə 04.11.23 tarixində danışdım. Satıcı yenidən texniki qüsurlu olan şirəçəkəni ordan gedib götürə biləcəyimi xatırlatdı.
Xahiş edirəm mənim istehlakçı hüququmu qoruyasınız - ya aldıgım şirəçəkən maşını keyfiyyətli mala dəyişdirilsin, ya da ödədiyim 195 manat məbləg mənə qaytarılsın. Bu barədə dövlət orqanlarına və kütləvi unformasiya vasitələrinə məlumat verilsin ki, əhali aldadılmasın.
Biz "Karaca" mağazalar şəbəkəsinin Nəsimi filialı ilə əlaqə saxladıq. Onlardan belə bir şikayətin daxil olduğunu diqqətə çatdırdıq və mövqelərini almaq istədik. Özünü təqdim etməyən xanım bildirdi ki biz sizinlə bir az sonra əlaqə saxlayacağıq.