Əlillik hansı meyarlarla müəyyən edilir?

Azərbaycan Respublikasında Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə”yə görə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.
Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri aşağıdakı qaydada müəyyən edilir:
1. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz;
2. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz;
3. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında – 31-60 faiz.
Göndərişin (Forma-88) tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət edir. Tibb müəssisəsi tərəfindən göndəriş tərtib edilərkən əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır və elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Əlillik" altsisteminə ötürülür.
Göndəriş altsistemə daxil edildikdən sonra 15 iş günü ərzində qiymətləndirmə aparılır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir.
Qəbul edilən qərardan narazı olan vətəndaş onlayn növbə alaraq Respublika Əlillərin Bərpa Mərkəzinə və ya yaşadığı ərazi üzrə TSEK-ə müraciət edə bilər. Burada vətəndaş həkim-ekspert komissiyası tərəfindən əyani müayinə olunur və qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirmə aparılır.
TSEK-n qərarı ilə razılaşmayan şəxs, bu qurumun qərarından müvfiq qaydada İnzibati Məhkəməyə müraciət edə bilər.


Azər Quliyev.