"Avtomobilin yaşı nə qədər azdırsa, qiyməti bir o qədər baha olur" - İQTİSADÇI BİLDİRDİ
"Hazırda Azərbaycan maşın bazarında daha çox köhnə istehsal tarixli avtomobillərdir. Yeni avtomobilləri almaq əhalinin bütün təbəqələri üçün əlçatan deyil. Əhali ucuz avtomobillərə daha çox üstünlük verir. Ona görə də, bu, onların istəyi ilə deyil, imkanları ilə bağlıdır. Yəni, imkanları qiyməti ucuz olan avtomobilləri almağa çatır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bazarın əsas alıcıları da həmin təbəqədir: "Bahalı avtomobilləri alan alıcıların təxminən xüsusi çəkisi 5-10% arası ola bilər. Amma alıcıların 90%-dən çoxu ucuz avtomobillər alır. Bunlar 10-25 min manatlıq, işlənmiş, ikinci və ya üçüncü əl avtomobillərdir. Əgər 2014-cü il istehsalı da gələn ildən qadağan ediləcəksə, həm alıcılara təklif edilən köhnə avtomobillərin sayı azalacaq, həm də seçim məhdudlaşacaq".
İqtisadçı bildirib ki, istehsal tarixi 2014-cü ilə qədər olan avtomobillərin qiyməti 2015, 2016, 2017-ci illərin avtomobillərindən daha aşağıdır: "Ümumiyyətlə, avtomobilin yaşı az olduqca qiyməti baha olur. Ona görə də bu, bazarda bir az da bahalaşmaya gətirib çıxaracaq və insanların seçim imkanlarını məhdudlaşdıracaq. Bunun başqa tərəfi də var. İldən-ilə Azərbaycana daxil olmasına icazə verilən avtomobillərin istehsal tarixləri yeniləndikcə daha az yaşı olan maşınların idxalına icazələrin verilməsi ölkədə avtomobil parkının yenilənməsinə və təzələnməsinə gətirib çıxaracaq. Bu, normal tendensiyadır. Məsələ burasındadır ki, tətbiq olunacaq məhdudiyyət bazarda bahalaşmaya səbəb ola bilər. Bu bahalaşmanın miqdarının nə qədər olacağını isə mütəxəssislərlə birgə müəyyənləşdirmək lazımdır".