AİHM deputatlığa namizədlərə pul ödənməsinə qərar verib

2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərində namizəd kimi qatılanlara kompensasiya ödəniləcək.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) belə qərara gəlib.

Qərara görə, maddi və mənəvi zərər əvəzi Qorxmaz İbrahimliyə 4 min 500 avro, Rəfail Zeynalzadəyə isə 4 min 750 avro ödənilməlidir.

Hər iki şəxs iddia olunan seçki pozuntularına effektiv baxılmamasından AHİM-ə şikayət göndəribmiş.

Tərəflər hər iki ərizənin kommunikasiyası zamanı dostca anlaşıblar.

2020-ci ildə Azərbaycanda Milli Məclisə VI çağırış seçkiləri keçirilmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) 70 mandat qazanmışdı. Yerli və xarici müşahidəçilər qeydiyyat və seçkiöncəsi kampaniyanın bəlli ölçüdə liberallaşdırıldığını bildirsələr də, səsvermə günü çoxsaylı pozuntuların olduğunu vurğulamışdılar.

Mərkəzi Seçki Komissiyası, habelə hökumət rəsmiləri isə, bir qayda olaraq, hesab edirlər ki, Azərbaycanda seçkilər azad, ədalətli şəkildə keçirilir və bəzi pozuntulara baxmayaraq, xalqın iradəsini ifadə edir.