Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında ölkəyə 8 milyon 542 min dollar dəyərində 4 min 410 ton ət gətirilib. Nəticədə ötən ilin müfaviq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1718 ton artıb. Ötən ilin yanvarında isə Azərbaycana 4 milyon 882 min dollar dəyərində 2 min 692 ton ət idxal edilib.
İdxalın artması fonunda ölkədə ətin qiyməti ucuzlaşa bilərmi?
Kənd təsərrüfatı eksperti Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, idxal hesabına ətin qiymətinin ucuzlaşması real görünmür. Çünki daxildə yerli istehsal aşağı olduğu üçün daxili bazarın tələbatını ödəmək üçün ət idxal olunur.
Ekspertə görə, qarşıdakı dövrdə ətin qiymətinin ucuzlaşması deyil, əksinə bahalaşması gözlənilir:
"Taun xəstəliyi ilə əlaqədar olaraq Azərbaycanın Gürcüstandan ət idxalı dayandırılıb. Ölkəyə idxal olunan ətin 40 faizi Gürcüstandan alınırdı. Diri heyvanların idxalında isə Gürcüstanın payı 90 faiz təşkil edir. Hazırda idxala məhdudiyyət qoyulması ölkənin ət bazarında müəyyən ajiotaj yaradacaq. Ət idxalımız şaxələndirilmiş olsa da, ətin ucuzlaşmasından söhbət gedə bilməz".
A.Nəsirli hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə yaxın gələcəkdə heyvandarlığın inkişaf etdirilməsi fonunda ölkə daxilində ətin qiyməti ucuzlaşa bilər. Bu, təxminən 1-2 illik müddəti əhatə edəcək.
Gülşən Şərif