Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb - AÇIQLAMA

Mayın 1-də Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir.
“Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq, o, nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb”, – Mehdiyev qeyd edib.
Həmçinin son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib.
Hacıyev həm də izdihamlı, antisanitar kazarmalardakı şəraitdən şikayətlənir.
Vəkil bildirib ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Bununla yanaşı, Pentensiar Xidmət Cahangir Hacıyevin durumu ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məlumat həqiqəti əks etdirmir. Hacıyev müəssisədə digər məhkumlarla birlikdə cəza çəkir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev 2016-cı il oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilib. Ondan başqa daha üç təqsirləndirilən şəxs faktiki cəza, dördü isə şərti cəza alıb.
Məhkəmə təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silahı, onun komponentlərini, döyüş sursatlarını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilib.
Hacıyev günahını etiraf etməyib, müdafiəçiləri isə prosesi qərəzli adlandırıb.
Mənimsənilmiş vəsaitin dəqiq məbləği hələ məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, söhbət 4 milyard manatdan gedir.
2018-ci ilin dekabrında Baş Prokurorluq Hacıyevə qarşı külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, vergidən yayınma və s. ittihamlar irəli sürüb. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs müddətinə daha bir il yarım əlavə edib.
Lakin 2020-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 179.3 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cəzanın yüngülləşdirilməsi ilə əlaqədar müddəti 3 ay azaldıb.

2022-ci ilin fevralında Avropa İnsan Haqları Məhkəməsi Hacıyevin məhkəməyəqədər həbslə bağlı şikayətini təmin və 3500 avro məbləğində təzminat təyin edib./gununsesi.info/