Elmar Vəliyevə sui-qəsd işi: "6 ildir həbsdəyəm, amma niyə həbs olunduğumu bilmirəm"
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham edilənlərdən biri olan Ceyhun Salahov həbsindən 6 il ötdüyünü deyir. Amma niyə həbs olunduğunu hələ bilmədiyini də sözlərinə əlavə edir. O, bu barədə mayın 3-də Ali Məhkəmədəki çıxışında danışıb.
İcra başçısını silahla vurmaqda ittiham olunan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə bu dəfə Ali Məhkəmədə baxılsa da, onların haqqında çıxarılmış hökm dəyişməyib.
Ali Məhkəmənin iclasına təqsirləndirilən şəxslərdən üçü – Ceyhun Salahov, Firudin Zeynalov və Akif Əliyev qatılıb. Qalanları gəlməyib, kassasiya şikayətlərinə onların iştirakı olmadan baxılmasını istəyiblər.
“Guya məni narkotikə görə saxlayıblar, sonra da məlum olub ki, bu dəstənin üzvüyəm. Məni heç analizə aparmayıblar, yazıblar ki, mən narkotik istifadəçisiyəm. Məni necə narkoman çıxarıblar, - bilmirəm. Bu qədər saxtakarlıq...” - C.Salahovun sözləridir.
Digər təqsirləndirilən F.Zeynalov deyir ki, ittihamda onun bu dəstəyə 2017-ci ilin qışında qoşulduğu yazılıb. Halbuki, o, 2017-ci ilin oktyabrından həbsdə olub: “Mən həbsdə ola-ola, məni necə qoşublar, aydın deyil”.
İcra başçısını baş nahiyəsindən odlu silahla vurmaqda təqsirləndirilən Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev bu işlə bağlı istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə Bakı Apellyasiya Məhkəməsində obyektiv, hərtərəfli araşdırma aparılmadığından gileylənib. Vəkilin sözlərinə görə, Y.Səfərova münasibətdə ittihamlar da düzgün verilməyib.
“Necə etibarnamə verdiyi şübhə altındadır”
Y.Səfərova həm Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), həm də 277-ci (dövlət xadiminin həyatına sui-qəsd) maddələriylə ittiham verilib. Vəkili deyir ki, eyni əmələ görə bunların hər ikisi verilə bilməz, biri seçilməlidir:
“Təəssüf ki, məhkəmə ittiham aktını olduğu kimi təsdiqlədi. Məhkəmə zərərçəkmişin verdiyi etibarnamə ilə də bağlı heç bir araşdırma aparmadı. Onun nümayəndəsinə necə etibarnamə verdiyi şübhə altındadır”.
Cinayət işinin materiallarında sabiq icra başçısı E.Vəliyevin anlaqsız olması və bu üzdən, məhkəməyə gələ bilmədiyi barədə rəy var. Belə olan halda, vəkillər də onun nümayəndəsinə verilmiş etibarnamə ilə bağlı araşdırma aparılmasını tələb ediblər, axı anlaqsız olduğu halda necə etibarnamə verə bilırdi.
Y.Səfərovun vəkili terrorçuluq, dövlət çevrilişinə cəhd ittihamlarında müvəkkilinə bəraət verilməsini istəyib.
“Dəfələrlə vəsatət qaldırıldı ki...”
Digər vəkillər də ədalətli məhkəmə araşdırması getmədiyini vurğulayıblar. Müdafiəçilərin dediyinə görə, obyektiv araşdırmadan ötrü 70-dən çox vəsatət qaldırsalar da, heç biri təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər bu vəsatətləri niyə təmin etmədiklərini, qaldırılan məsələləri hansı səbəbdən araşdırmaq istəmədiklərini də əsaslandırmayıblar:
“Bunlara mütəşəkkil dəstə olmaqla bağlı ittiham verilib. Amma mütəşəkkil dəstə olduqlarını təsdiqləyən heç bir sübut yoxdur. Firudin Zeynalov bir neçə sənəddə imzanın ona aid olmadığını deyir. Dəfələrlə vəsatət qaldırıldı ki ekspertiza keçirilsin, imzanın ona aid olub-olmadığı araşdırılsın. Eləmədilər...”.
Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun xanımı Günay Zalova AzadlıqRadiosuna bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər:
“Artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi. Ali Məhkəmə son instansiya idi və o da qanunsuzluqlara yaşıl işıq yandırdı. Əslində, bu cür məhkəmə sistemindən başqa gözləntimiz də yox idi”.
Y.Səfərovun yaxınları da onun işini Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir:
“Yəqin ki, şikayət edəcəyik. Sadəcə, Avropa Məhkəməsinə şikayətin hazırlanmasına müəyyən qədər vaxt lazımdır”.
Xatırlatma
Altı il öncə iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantı Qasım Aşpazova silahlı sui-qəsd törətməkdə ittiham edilən Yunis Səfərov həbs edilib.
Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm elədiyinə görə öldürmək istədiyini söyləyir.
Sui-qəsd olayından bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.
Gəncə hadisələrindən sonra həbs olunan 70-dən çox şəxsin əksər bölümü 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilədək həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb. Azadlığa buraxılanlar da olub.
Gəncə hadisələrinə görə həbs edilənlər saxlanarkən və daha sonra günlərcə işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Səfərov və onunla birlikdə mühakimə olunanlara CM-in 30-dan çox maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Səfərova ömürlük, digərlərinə isə 18-20 il həbs cəzası kəsilib.