Son bir neçə ildir ki, ölkəmizin əksər dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində və onun tabeli qurumlarında həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, atılan addımlar və s. hər kəsin düşüncə və yanaşmasında, məhz bu dövlət qurumuna qarşı inam hissi formalaşmasına səbəb olub. Bəli, bu danılmaz fakdır. Buna əsas verən səbəblərdən biri, bəlkə də birincisi Daxili İşlər Nazirliyinin müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri olmasıdır. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Bəli, həmin vaxtdan bu günə kimi hər kəs canlı şahiddir ki, belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava formalaşıb. Bu təyinatdan sonra nəinki vəzifə sahibi olan şəxslərin, hətta sadə sakinlərin də düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Nazirin gənc və enerjili olması, uzun illər ərzində daxili işlər orqanlarında çalışması və s. ölkəmizin daxili işlər nazirliyinə aid sahələrdə mövcud olan müəyyən problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Faktdır ki, bu belə də oldu. Diqqət yetirək ki, ötən 4 il 11 ay ərzində bu yöndə çox ciddi addımlar atıldı və hər kəs də buna canlı şahiddir. Qeyd edək ki, hal-hazırda da oxşar addımlar atılmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunduqdan sonra, DİN-nin, BDYPİ-nin və Nazirliyin digər tabeli qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları, əvvəlki illərdən fərqli olaraq istənilən məsələyə adekvat reaksiya verirlər, ünvanlanan sualları yüksək səviyyədə cavablandırırlar və bu yöndə mümkün addımlarını atırlar. Söz yox ki, bütün bunlar cənab Nazirin peşəkarlığı, düzgün idarəçiliyi sayəsində tətbiq olunan yeniliklərdir. Çox təəssüf hissi ilə qeyd edək ki, bu günə kimi cənab Vilayət Eyvazovun rəhbərliyi altında bu yöndə ciddi addımların atılmasına baxmayaraq, hələ də bəzi polis əməkdaşları rəhbərliyin verdiyi tapşırıqlara məhəl qoymur və üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmirlər. Belə bir səbəblər üzündəndir ki, bu sahədə çalışan ayrı-ayrı polis əməkdaşlarına qarşı heç də xoşagəlməyən ictimai fikir formalaşır. Məsələn, bir müddət bundan öncə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1, Nərimanov küçəsi-32, ev-5 ünvanında yaşayan Nüsrət Aydın oğlu Nüsrətov 2023-cü ilin iyun ayından üzüzə qaldığı problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və digər dövlət qurumlarının rəhbər şəxslərinə yazdığı şikayət ərizəsinin bir surətini təqdim etmişdir. Nüsrət Nüsrətov şikayət ərizəsində qeyd edir ki, “Hal-hazırda 9 (doqquz) nəfərdən ibarət ailə üzvlərimiz ilə birlikdə Sabunçu rayonu, Zabrat-1, Nərimanov küçəsi-32, ev-5 ünvanında yaşayırıq və ailə üzvlərimizdən yalnız mən günəmuzd işlərdə işləyib dolanışığımızı çətinliklə də olsa təmin edirəm. Qeyd edim ki, bizimlə yaşayan yaşlı anam şəkər xəstəsi olduğundan, xeyli müddət bundan əvvəl həkimlər onun ayağının birini kəsdilər. Bundan əlavə, himayəmdə üç azyaşlı övladım var. Övladlarımdan böyüyü qızdır və o, ağır yataq xəstəsidir, səhhətində ciddi nevroloji problemləri var. Bir sözlə, hal-hazırda bizim ailə həm maddi çətinliklər, həm də olmazın problemlər məngənəsində boğulan ailələrdəndir.
Qeyd edim ki, 01 iyun 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “makler”lik fəaliyyəti ilə məşğul olan Nurlan Babayev adlı şəxsə 6800 (altı min səkkiz yüz) manat pul verib, Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində, hansı ki, tam əksəriyyətin “Beşmərtəbəli binaların yanı” deyə tanıdığı ərazidən 0,05 ha torpaq sahəsi aldım. Bununla bağlı 01 iyun 2023-cü il tarixdə həmin torpağın alqı-satqısına dair aramızda müqavilə sənədi bağladıq və hər ikimiz müqavilə sənədinə qol da çəkdik. Elə ki, iyun ayının ilk günlərində Nurlan Babayevdən aldığım 0,05 ha torpaq sahəsinə baş çəkdim, o halda Məhəmmədi kənd bələdiyyəsinin sədri məni gördü və o, mənə “Bu torpaq sahəsi girovluqdadır” dedi. Bələdiyyə sədrindən bu sözü eşidib dərhal Nurlan Babayevə zəng etdim və ona bildirdim ki, mənə satdığın torpaq sahəsi girovluqdadır, təcili verdiyim pulları geri qaytar. Bu şəxs belə bir təkidli tələbimin qarşılığında mənə “Bu dəqiqə sənə qaytarmağa pulum yoxdur. Bir az səbr et, verdiyin pulların hamısını özünə qaytaracağam” dedi. Düzdür, həmin vaxtlarda Nurlan Babayevə inandım və pulları onun geri qaytaracağına ümid etdim. Təəssüflər olsun ki, günlər, həftələr, aylar keçsə də ondan heç bir xəbər çıxmadı və çox çəkçevirdən, müəyyən dirənişlərdən sonra o, mənə ötən ilin noyabr ayında cəmi 300 (üç yüz) manat pul qaytardı. Hal-hazırda nə qədər xahiş etsəm də, bu şəxs yerdə qalan 6500 (altı min beş yüz) manat pulumu özümə qaytarmır”.
Hörmətli oxucular! Biz bir redaksiya olaraq Nüsrət Nüsrətovun redaksiyamıza ünvanladığı şikayət ərizəsini ictimailəşdirməzdən öncə, DİN-də vəzifə sahibi olan bəzi şəxsləri (müəyyən səbəblərə görə ad çəkmirik) yaşanan problemlə bağlı ətraflı məlumatlandırdıq. Düzdür, həmin şəxslər bizi hörmətlə-izzətlə dinlədi və zərərçəkən şəxslə birlikdə Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi Cövdət müəllimin qəbulunda olmağımızı, yaşanan problemlə bağlı qarşılıqlı məsləhətləşmələr aparmağımızı məsləhət gördü. Elə ki, Cövdət müəllimin qəbulunda olduq, o halda o, Nüsrət Nüsrətovun əvvəlcədən ünvanladığı şikayət ərizəsi əsasında araşdırma aparan müstəntiqi iş otağına dəvət etdi və işin nə yerdə olduğunu ondan soruşdu. Müstəntiq ünvanlanan suala cavabında bildirdi ki, “makler”lik fəaliyyəti ilə məşğul olan Nurlan Babayev, Nüsrət Nüsrətova Məhəmmədi kəndi ərazisində çıxarışı olan 0,05 ha torpaq sahəsi versə də, o, bu yöndə edilən təklifdən imtina edib. Hətta, həmin torpaq sahəsinə aid sənədləri Nurlan Babayev bizə təqdim edib və sənədlər toplanmış iş materiallarının içindədir”. Belə bir cavabı eşidən Nüsrət Nüsrətov isə, “Nurlan Babayev mənə heç zaman qeyd olunan torpaq sahəsini təklif etməyib və bundan xəbərim də yoxdur” dedi. O halda Cövdət müəllim müstəntiqə “Zərərçəkənlə və Nurlan Babayevlə birlikdə əraziyə baxış keçir və məsələni araşdır” deyə lazımi tapşırığını verdi. Hətta, Cövdət müəllim müstəntiqə “əgər Nurlan Babayev istintaqa saxta sənəd veribsə və torpaq sahəsinin verilməsi ilə bağlı təklif məsələsi öz tədiqini tapmazsa, o halda mən onu həbs etdirəcəyəm” dedi. Düzdür, biz Cövdət müəllimin verdiyi tapşırıqlara inandıq və problemin həll oluna biləcəyinə ümid etdik. Təəssüflər olsun ki, 02 aprel 2024-cü il tarixdə qeyd olunan problemlə bağlı qarşılıqlı müzakirələr aparılsa da, ötən bir ay üç gün ərzində nə ərziyə baxış keçirilmiş, nə də ki, zərərçəkən Nüsrət Nüsrətovla maraqlanan olmuşdur. Bu da onu göstərir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qeyd olunan problemin araşdırılmasında maraqlı deyildir.
Əldə etdiyimiz şifahi məlumatlara görə zərərçəkən Nüsrət Nüsrətova qarşı dələduzluq edən, bu şəxsin savadsızlığından, etibarından və s. sui-istifadə edən Nurlan Babayevə əsas himayədarlığı göstərən, Zabrat qəsəbəsi üzrə sahə müvəkkili vəzifəsini daşıyan polis əməkdaşıdır. Məsələnin maraqlı tərəfi odur ki, polisin çağırışı zamanı Nurlan Babayev “Mənim ayağım sınıb, hal-hazırda Naxçıvandayam” deyə cavab verib. Əslində o, belə bir cavabı ilə polisi də aldatmağı bacarıb. Çünki, polisi aldatdığı günlərdə o, Zabrat qəsəbəsində özünə məxsus ət dükanını işlətməklə məşğul olub. Bəli, Nurlan Babayevin zərərçəkən Nüsrət Nüsrətova qarşı törətdiyi əməl Azərbaycan. Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tələblərinə cavab verir. 178.2.4-cü maddəsinin tələblərinə əsasən dələduzluq edən şəxs, - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. O halda ortaya belə bir sual çıxır ki, Nurlan Babayevin Nüsrət Nüsrətovu aldatması, onun etibarından sui-istifadə etməsi qalsın bir yana, bu şəxsin polis əməkdaşlarını aldatmasına nə ad vermək olar? Sual oluna bilər ki, polis əməkdaşları nəyə görə Nurlan Babayevə “qaşın üstə qara var” demirlər.
Bütün bunlar onu göstərir ki, polis əməkdaşlarının dələduzluq edən Nurlan Babayevə qarşı loyallıq göstərmələri, əslində ölkə rəhbəri İlham Əliyev cənablarının və daxili işlər naziri cənab nazir Vilayət Eyvazovun verdiyi tapşırıqlarla ziddiyyət təşkil edir. O halda sual oluna bilər ki, Sabunçu RPİ-nin əməkdaşları bu cür loyal münasibətləri ilə hara gedirlər?
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
GundemXeber.Az