Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan Rauf İsmayıl oğlu Əliyev Birinci Qarabağ müharibəsində itkin düşənlərdən taleyi müəyyənləşmiş 73 nəfərdən biridir. Şəhid Rauf Əliyev əvvəlcə Xocalı faciəsi zamanı gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə isə könüllü olaraq Ağdərə istiqamətində gedən qızğın döyüşlərə qatılıb. Elə o vaxtdan da cəbhə yoldaşları ilə birlikdə itkin düşüb.
Qardaşı Əli Əliyev müharibə gedən bütün istiqamətlərdə ondan xəbər tutmağa çalışsa da, gördüm deyən olmayıb.
Əli Əliyev Lim10.az-a açıqlamasında bildirib ki, o vaxtdan bəri qardaşının tapılması ilə bağlı bütün aidiyyəti qurumlara müraciət edilib:
“Bu vaxta kimi qardaşımla bağlı lazımi yerlərə müraciət etmişik. Qardaşım ilk olaraq Xocalıda gedən döyüşlərdə iştirak edib. Həmin vaxta qərar var idi ki, bir dəfə döyüş bölgəsində olan gənc əsgərlər ikinci dəfə müharibəyə aparılmasın. Amma qardaşım və onun döyüş yoldaşları 1992-ci ildə Ağdərə istiqamətində könüllülərdən ibarət silahlı dəstələrdə döyüşürdülər. O istiqamətdə döyüşdüyünü bildikdən sonra bütün müharibə bölgələrindən xəbər almağa çalışdım, onu gördüm deyən olmadı. Onunla gedən bir bölüyün uşaqları hamısı bir yerdə yox oldular.
Əli Əliyev sözlərinə görə, ilk vaxtlarda Şəhidlər xiyabanında qardaşının şəkli olan məzarı onlara göstərəndə razılaşmayıblar:
“Şəhidlər xiyabanında qardaşımın şəkli ilə birlikdə məzarını göstərdilər ki, burada dəfn olunub. Döyüş yoldaşlarının da onun yanında məzarları var. Amma razılaşmırdıq. Bizdən vaxtında analizlər alınmışdı. Dövlət tərəfindən DNT analizi olunub. Uyğunlaşdırma nəticəsində qardaşım tapılıb. Buna da şükür etmək lazımdır ki, dəqiqləşdi”.
Ailədə 8 uşaq olan şəhid Rauf Əliyevin valideynləri oğullarının həsrəti ilə rəhmətə gedib. Əli Əliyev bildirib ki, qardaşının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı ona xəbər veriləndə sanki qanı donub:
“Valideynlərim qardaşım itkin düşəndən sonra rəhmətə gediblər. Onun yolunu gözləyirdilər. Qardaşımla bağlı məni brifinqə çağırdılar. Zala girib onun şəklini tabloda görəndə sanki qanım dondu. İtki çox pis şeydir. Düşündüm ki, bəlkə sağdır. Elə bilirdim ki, sağ olması ilə bağlı nəsə deyəcəklər. 1992-ci ildəki hissləri yenidən yaşadım. Amma şükür ki, ən azı biz onun gərçək məzarını ziyarət edə biləcəyik. Hər bayramda, ad günündə bizə verilən məzarı ziyarət edirdik. O məzarın gərçək sahibi kimdirsə, o da bizim balamızdır, halal xoşu olsun”.
Müsahibimiz bildirib ki, qardaşının məzarı dövlət səviyyəsində onlara təhvil veriləcək. O, Şəhidlər xiyabanında dəfn olunacaq.
Almaz Qasımova