Xırdalanda məhəllələri suyun basması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

“Xırdalanda Mehdi Hüseynzadə küçəsi və 26-cı məhəllədə subasmanın səbəbi ərazinin çökəkdə yerləşməsidir”.

Bunu Lim10.az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

O, qeyd edib ki, sözügedən ərazidə kanalizasiya infrastrukturu mövcuddur. Sadəcə həmin ərazi Xırdalanın ən çökək nöqtəsidir - Sumqayıt-Bakı yolunun kənarıdır. 

“Ərazi çökək olduğu üçün də yuxarıda Hökməli, Atyalı istiqamətindən və Xırdalanın özündə formalaşan yağış suları həmin istiqamətə yönəlir. Ona görə də intensiv yağıntılar zamanı mövcud kanalizasiya xətləri həmin o yağış xətlərini daşıya bilmir, nəticədə subasma halı yaranır.

Qeyd edim ki, vaxtı ilə bu ərazilərin hamısı gölməçələrdən, göllərdən və qamışlıq ərazidən ibarət olub. Sonra həmin ərazilər torpaqla dolduruldu, evlər tikildi və belə deyək ki, "su axdı, çuxurunu tapdı". 

Əgər bu ərazilərdə bu şəkildə evlər tikilməsəydi, belə bir problem yaranmayacaqdı. Su yığılacaqdı ora, hopan torpağa hopacaqdı, buxarlanan buxarlanacaqdı və ötüb keçəcəkdi. 

Bu gün yaşanan ən böyük problemlərdən biri də məhz budur. Maklerlər gölləri, gölməçələri qurudurlar, üstündə ev tikirlər və sonra ortaya bu cür problemlər çıxır.  Şikayət edirlər ki, evlərin zirzəmilərini və küçələri su basır”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Sonda o qeyd edib ki, hazırda yağış kəsdiyi üçün ərazidə problemin böyük hissəsi həll olunub. Bir-iki saata orada su qalmayacaq, hamısı çəkilib gedəcək.

13:08

Abşeron rayonunda müşahidə olunan yağışlı hava şəraiti Xırdalan şəhərində böyük çətinliklər yaradıb.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Yerli sakinlərdən birinin atdığı görüntüdən məlum olur ki, Xırdalanda Mehdi Hüseynzadə küçəsi və 26-cı məhəlləni su basıb.

Mövcud vəziyyət ərazidəki kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını ortaya qoyub.

Əzizə İsmayılova