Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: “Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.
18:44
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.
Bildirilib ki, zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 3-5 bala qədər hiss olunub.
18:12
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə FHN-nin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 kilometr şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 kilometr dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.
17:33
Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Belə ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.
Yeraltı təkanların ocağı 18 kilometr dərinlikdə yerləşib.