Bu barədə Lim10.az Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 20/2a-da yaşayan Qəzənfər Malik oğlu Paşayev məlumat verib.
O bildirib ki, artıq XİN-dəki qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə rəsmi şikayət edib:
"İddia ərziəmdə üçüncü tərəf kimi İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsmanla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin də cəlbni istəmişəm. Tələbim isə inzibati orqanın üzərinə, yəni XİN-in üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasıdır.
Belə ki, dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi rəsmi internet portalı vasitəsilə Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqə elan etmişdir. Müsabiqənin yazılı və test mərhələsi 23 yanvar 2022-ci il tarixində, müsahibə mərhələsi isə 10 may-02 iyun tarixlərində keçirilmişdir. Mən, Qəzənfər Malik oğlu Paşayev müsabiqənin bütün mərhələlərində iştirak edərək yüksək nəticə əldə etmiş və digər 68 namizədlə bərabər işə qəbul olunduğum barədə yazılı və şifahi formada məlumatlandırılmışam. 2022-ci ilin 20 iyun tarixində təhlükəsizlik sorğuları ilə əlaqədar Xarici İşlər Nazirliyinə dəvət olunmuş və mənimlə profilaktik söhbət aparılmışdır. Belə ki, gələcəkdə ölkəmizi diplomatik xidmət orqanlarında təmsil edəcəyim zaman əməl edəcəyim davranış normaları mənə ətraflı şəkildə izah olunmuşdur.
Qeyd edim ki, 23 yanvar-02 iyun 2022-ci il tarixli müsabiqənin yekunlarına həsr olunmuş 25 iyul 2022-ci il tarixli 345/22 saylı XİN mətbuat buraxılışında diplomatik xidmət orqanlarına qəbul olunmuş 69 nəfərə Azərbaycan Resppublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır. Yəni, artıq 2022-ci il 25 iyul tarixində müsabiqənin hər 3 mərhələsinin, eyni zamanda təhlükəsizlik sorğularının nəticələri məlum idi və qəbul edilən 69 namizəddən biri də mən idim. Daha sonra isə 2022-ci il sentyabr ayında 69 namizədin 38-nin diplomatik xidmət orqanlarında iş fəaliyyətinə başladıqları, digər 31 nəfərin isə ehtiyat kadrlar siyahısında saxlanıldığı və yaxın zamanlarda onların da diplomatik xidmətə qəbul edilməsinin nəzərdə tutulduğu barədə məlumat verilmişdir.
Nazirliyin müsabiqədən öncə namizədlərə təqdim etdiyi Qaydalar Toplusunda nadir dil biliklərinə malik namizədlərin ehtiyat kadrlar siyahısından ən tez çağırılacağı bildirilsə də (qeyd edim ki, nadir dil hesab olunan italyan dilini mükəmməl şəkildə bilirəm), mənim bu siyahıda olmamağım olduqca təəccüb hissi doğururdu. Çünki, xidmətə qəbul edilən 38 nəfərin çox az qismi Nazirlik tərəfindən nadir hesab olunan dil biliklərinə malik idi.
Eyni zamanda qeyd etməliyəm ki, ingilis və italyan dil biliklərindən əlavə, magistr dərəcəsini dünyanın ən qədim universiteti sayılan İtaliyanın Bolonya Universitetindən əldə etməyim (italyanca hüquq təhsili), müxtəlif ölkələrdəki iş təcrübəm (İtaliya, Yunanıstan, Türkiyə, Azərbaycan), Avropa Şurasında və İtaliyada iştirak etdiyim seminarlarda əldə etdiyim təcrübələr, 2010-cu ildə universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyent olmağım məni digər qəbul edilmiş 38 namizəddən əhəmiyyətli dərəcədə fərqləndirən xüsusiyyətlərdəndir. Bütün bunlara baxmayaraq, Nazirliyin yol verdiyi qanunazidd əməllərə ilk mərhələdə məhəl qoymayaraq, özümü daha da inkişaf etdirmək, gələcəkdə ölkəmiz üçün daha faydalı diplomat olmaq məqsədilə ehtiyat kadrlarda olduğum müddət ərzində mənə Yunanıstandan gələn iş təklifini dəyərləndirmiş, 1 noyabr 2022-ci il tarixindən etibarən Yunanıstanda işləməyə başlamışam. Qeyd edim ki, 14 oktyabr 2022-ci il tarixində ölkə xaricində işləyəcəyim, lakin Nazirlik məni iş üçün çağıracağı təqdirdə dərhal ölkəyə qayıdıb diplomatiya sahəsində ölkəmizi təmsil etməkdən qürur duyacağım barədə Nazirliyi yazılı formada məlumatlandırmışam.
Təəssüf ki, Yunanıstanda çalışdığım təxminən 1 illik zaman zərfində ehtiyat kadrlardan çıxarılıb işə qəbul edildiyim barədə cavab gözləsəm də, hər hansı cavab verilməmişdir. Nəhayət, 11 oktyabr 2022-ci il tarixində Nazirliyin Kadrlar İdarəsi məni Nazirliyə dəvət etmiş, çox yüksək göstəricilərə malik olduğumu, lakin bəzi səbəblərdən diplomatik vəzifəyə təyinimin mümkünsüz olduğunu qeyd etmişdir".
Qəzənfər Paşayev deyir ki, həmin vaxt XİN-in idarə rəisi Raman Məmmədovdan diplomatik vəzifəyə təyininin mümkünsüzlüyünü təsdiq edən əsasların yazılı şəkildə ona təqdim olunmasını dəfələrlə xahiş edib: "Lakin o, bunun mümkün olmadığını, həmin məlumatların məxfi olduğunu mənə bildirmişdir. Bundan sonra noyabr 2023-cü il tarixindən etibarən müxtəlif dövlət orqanlarına müraciət etmişəm. Prezident Administrasiyasına etdiyim müraciətin nəticəsi olaraq, nəhayət ki, Nazirliyin Kadrlar İdarəsi yazılı cavab vermiş və bildirmişdir ki, guya barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlandığından mənim diplomatik vəzifəyə təyin olunmağım mümkünsüzdür. Lakin, həmin halların nədə ehtiva olunduğu barədə hər hansı məlumat verilməmişdir. Mən və yaxın qohumlarım barədə hər hansı mənfi halların olub-olmaması barədə Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığım sorğuya cavab olaraq qurumdan mənə bildirildi ki, barəmdə Nazirliyə müsbət rəy verilmişdir.
İnformasiya əldə etmək hüququnun pozulması barədə Ombudsmana etdiyim müraciətin nəticəsi olaraq, Nazirlikdən bildirildi ki, barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan halların açıqlanması mümkün deyil, çünki həmin hallar qanunla əldə edilməsi məhdudlaşdırılan hallardır. Eyni zamanda, Nazirlik bildirmişdir ki, müsabiqənin yekunlarına əsasən, nəticələri qənaətbəxş hesab olunan 67 namizədin 58-i xidmətə qəbul edilmiş, 5 nəfər özü imtina ərizəsini təqdim etmiş, digər 4 nəfərin isə barəsində diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanmışdır.
Göründüyü kimi, Nazirliyin təqdim etdiyi bu məlumatlar yuxarıda qeyd etdiyim 345/22 saylı 25 iyul 2022-ci il tarixli XİN Mətbuat buraxılışının rəqəmləri ilə ziddiyyət təşkil edir. Nəticə etibarilə, müsabiqənin şəffaflığı barədə əsaslı şübhələr formalaşır.
İnformasiya sorğusunun icrasından imtina və ya lazımınca icra olunmaması barədə Ombudsmana etdiyim müraciətin nəticəsində 15 aprel 2024-cü il tarixində Ombudsman vasitəsilə mənə göndərilən məktubda XİN qeyd edir ki, qeyd olunan məlumatları informasiya sahibi xidməti istifadə üçün nəzərdə tutmuşdur və əldə olunması qanunla məhdudlaşdırılan informasiyalardır. Həmçinin məktubda qeyd olunmuşdur ki, barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar yarandığı anda dərhal mənə məlumat verilmişdir. Yəni, bu barədə mənə şifahi olaraq 11 oktyabr 2023-cü ildə, yazılı olaraq isə 11 dekabr 2023-cü ildə məlumat verilmişdir, nəticə etibarilə həmin hallaın 11 oktyabr 2023-cü ildə aşkarlandığını nəzərə alsaq aşağıdakı suallar ortaya çıxır:
1) 2023-cü ilin oktyabr ayında mən qeyd olunan bəhanə ilə ehtiyat kadrlar siyahısından çıxarılmışam. Nəticə etibarilə, həmin vaxta qədər barəmdə heç bir hal müəyyən olunmamışdır. Beləliklə, nəyə görə həmin ana qədər ehtiyat kadrlar siyahısında saxlanılmışam?! Nəzərə alınmalıdır ki, müsabiqə qaydalarına əsasən nadir dil biliklərinə malik, yüksək göstəricilərə malik namizədlər ilk öncə çağırılmalı idilər. Ancaq hətta, müsahibə mərhələsində qənaətbəxş nəticə əldə etməyən, apellyasiya şikayəti ilə keçid balı əldə edən nadir dil biliklərinə malik olmayan namizədlər 2023-cü ilin mart ayında işə qəbul olmuşdur.
2)2022-ci ilin sentyabr ayında 38 nəfər ehtiyat kadrlar siyahısından çıxarılaraq işə qəbul olundular. Mənim həmin siyahıda olmamağım yenə diplomatik vəzifəyə təyin olunmağa mane olan halların meydana çıxması ilə bağlı idi mi? Əgər elə idisə, nəyə görə bu barədə yazılı məlumat verilməmişdi?! Deyildisə, nəyə görə mən həmin siyahıda deyildim?!
3) Xarici İşlər Nazirliyinə bütün sənədlər tərəfimizdən 10 mart 2022-ci il tarixində təqdim edilmişdir. Müsabiqə isə 10 may 2022-ci il tarixində baş tutmuşdur. 2 ay ərzində namizədlərin bütün məlumatları müvafiq orqanlar tərəfindən yoxlanılmışdır. Məlumatlarda uyğunsuzluqlar var idisə nəyə görə müsahibəyə dəvət olunmuş, eyni zamanda müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuşam?
4) Şəxsi işimdə hər hansı uyğunsuzluqlar varsa nəyə görə həmin uyğunsuzluqlar barədə mənə bildirilmir. Hər bir şəxsin onun barəsində toplanılmış məlumatlarla tanış olmaq və ona düzəlişlər etmək kimi konstitusion hüququ vardır".
Q.Paşayev daha sonra iddia edir ki, Xarici İşlər Nazirliyi imtinası və bunu qeyri-dəqiq əsaslandırması qanunsuzdur.
O, məlumat azadlığının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində baxılan bir çox işləri sadalayıb, onlardan misallar gətirərək, XİN-in XİN-in "İnformasiya əldə etmək haqqında" Qanunu pozmasını qabardıb və Ombudsmanın informasiya sorğusunun icrasından imtinanın qanuniliyini yoxlamaq hüququndan istifadə etməməsinə təəssüflənib: "Təəssüf ki, Ombudsman tərəfindən heç bir addım atılmamışdır.
Yuxarıda qeyd olunan hadisələrin xronoloji ardıcıllığına, qanunvericilik normalarına, Nazirliyin təqdim etdiyi cavablar arasında kəskin ziddiyyətlərin olmasına əsaslanaraq barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan halların aşkarlanması bəhanəsi olduqca absurddur. Buna görə də, müsabiqə yekunlarına əsasən əldə etdiyim nəticələr əsas götürülərək mənim diplomatik vəzifəyə təyin olunmağım barədə inzibati akt qəbul olunması zəruridir. Bu səbəbdən məhkəmədən müsabiqənin yekunlarına əsasən əldə etdiyim nəticələr əsas götürülərək diplomatik vəzifəyə təyin olunağım barədə inzibati aktın qəbul edilməsi ilə yanaşı, cavabdehin (XİN) qanunsuz qərarları nəticəsində 20 aydan çoxdur ki, diplomatik vəzifəyə təyin edilə bilmədiyimdən bu müddət üçün mənə dəymiş maddi və mənəvi kompensasiyanın ödənilməsi cavabdehin üzərinə qoyulsun".
Məsələyə XİN-dən münasibət öyrənmək mümkün olmayıb.
Samir Musayev