"Trendyol" çatdırılma xidmətlərini niyə bahalaşdırdı? - EKSPERT ŞƏRHİ
Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. “Trendyol Azərbaycan”dan bildirilib ki, yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir. Həmçinin qeyd edilib ki, ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.
Bəs, “Trendyol” çatdırılma xidmətlərini niyə bahalaşdırıb?
Liberal İqtisadçılar Mərkəziinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında sözügedən bahalaşmanı şərh edib.
O bildirib ki, “Trendyol” Azərbaycan bazarında çatdırılma xərcini artırmaqla da uğurlu biznesi davam etdirməyin mümkün olduğunu hesab edir.
Ekspert xatırladıb ki, “Trendyol” vasitəsilə əvvəl bir məhsul 4-5 manata gətirilirdisə, artıq bu rəqəm 10-15 manata qədər qalxıb. A.Nəsirlinin sözlərinə görə, bu qədər qiymət artımına baxmayaraq “Trenyol”dan gətirilən məhsullar Azərbaycan bazarında satılandan 30-40% ucuz başa gəlir:
“Ona görə də düşünmürəm ki, əksəriyyət “Trendyol”dan istifadədən daşınmayacaq. “Trendyol”dan əldə edilən məhsulla Azərbaycanda alınan eyni məhsul arasında qiymət fərqini görürük. Bunlar arasında əvvəl çox böyük fərq var idi. Məsələn, “Trendyol”la 40 manata gətirilən gödəkçəni Azərbaycan bazarında 120-130 manata satırdılar. Əvvəl “Trendyol” qiymətləri çox aşağı etməklə hesab edirdi ki, yerli bazar buna reaksiya verəcək. Belə ki, onlar hesab edirdilər ki, “Trendyol”dan əldə olunan məhsulun ucuz olması bazarda da qiymətləri ucuzlaşdıra bilər. Amma bu baş vermədi. Bazar qiyməti “Trendyol”un qiymətinə yaxınlaşsaydı onlar qiymətləri bir qədər də aşağı salmalı olacaqdılar. Yəni burada rəqabət yaranacaqdı. Amma Azərbaycan bazarı buna sıfır reaksiya verdi. Azərbaycan bazarı heç bir reaksiya vermədiyinə görə “Trendyol” artıq növbəti addımda qiymətləri bahalaşdırmaq strategiyasını götürdü və qiymətləri bahalaşdırmaqla mənfəətini bir qədər artırdı. Amma yenə ehtiyatla yanaşdılar. Ehtiyat ondan ibarətdir ki, məhsulun qiymətində dəyişiklik edilmir, yalnız çatdırılmada qiymət artımına gedilir. Bu, trendyolun öz strategiyasıdır”.
A.Nəsirli “Trendyol”un Azərbaycana çatıdırılma xərclərini artırmasına təsir edə biləcək digər amillərdən də danışıb: “Azərbaycan bazarına nəzarət edən inhisarçılar bazarları ölməsin deyə “Trendyol”a təzyiq göstərə bilər ki, qiymətləri bahalaşdırsın. Ümumiyyətlə, “Trendyol” fəaliyyətə başlayandan bəri Azərbaycan ticarət mərkəzlərində ticarət dövriyyəsi xeyli aşağı düşüb, alıcıların sayı azalıb. Ona görə də bu ehtimal da ola bilər ki, “Trendyol”la eyni bazarı bölüşən inhisarçılar qiymətləri bahalaşdırması üçün ona müəyyən təzyiqlər göstərə bilər”.
Sadiq Cavadov