Abşeron Rayon Mərkəzi Xəstəxanası tibbi kitabça olmadan pasiyent qəbul etmir.
Lim10.az xəbər verir ki, bu barədə məlumatı xəstəxanaya müraciət edən pasiyentlərdən biri sosial şəbəkə üzərindən paylaşıb.
Belə ki, paylaşımda qeyd edilir ki, sözügedən qayda bir gün öncədən qüvvəyə minib:
"Abşeron Rayon Mərkəzi Xəstəxanasına gəldim, növbə çıxardım. Bu zaman mənə yarımçıq A4 kağızına yazılmış bir elan göstərdilər ki, dünəndən qanun qoyulub ki, tibbi kitabça olmasa, pasiyentlər qəbul edilməyəcək və geri qaytarılacaqlar. TƏBİB-in qaynar xətti ilə əlaqə saxladım, bildirildi ki, belə bir qadağa yoxdur. Bu istidə xəstəxanada yaşlılar, xəstəlikdən əziyyət çəkən, yeriməyə çətinlik çəkən insanlara heç bir güzəşt olunmadan geri qaytarılır".
Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya ölkə ərazisində yaşayan bütün vətəndaşlar icbari tibbi sığorta çərçivəsində birbaşa və ya yaşadığı ərazi üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsindən əldə etdiyi göndərişlə müraciət edə bilərlər:
"Birbaşa müraciətlər zamanı vətəndaşın xəstəxanaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etməsi kifayətdir. Bundan başqa, vətəndaş Abşeron rayonu ərazisində yaşayırsa və xəstəxananın tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərinin birində qeydiyyatdadırsa, o zaman vətəndaşdan qeydiyyata alındığı gündən etibarən açılmış tibbi kitabça ilə birgə müraciət etməsi tələb olunur.
Əgər vətəndaş Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölkənin müxtəlif ərazisindən ilk dəfə müraciət edirsə, o zaman ona tibbi kitabça açılır və ixtisaslı həkim müayinəsi üçün yönləndirilir. Qeyd edək ki, tibbi kitabça vətəndaşın ixtisaslı həkim tərəfindən müayinə aparıldıqdan sonra sağlamlıq haqqında qeydlərinin aparılması və saxlanılması üçün vacib sənəd sayılır".
Könül Cəfərli