“İki milyonu Kamal Abdullayev yedi” - İLGİNC İDDİALAR...

İyunun 9-da Mingəçevirə toya getmişdim. Toydan sonra fikirləşdim ki, bu qədər yolu gəlmişəm, buradan çox uzaq olmayan Gəncəyə də gedib oradakı dostumla da görüşüm. Elə də etdim. Gəncədə olarkən çoxdan tanıdığım və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) işləyən bir tanış ilə də rastlaşdım. Söhbət zamanı o, mənim FB səhifəmdə paylaşdığım yazıların hamısını maraqla oxuduğunu bildirdi və özünün işlədiyi universitetdə baş verənlərdən, hərc-mərclikdən, qanunsuzluqlardan danışdı. Yazılarımın onlara ADAU-da baş verənlərə qarşı ayağa qalxmağa təsir etdiyini, rektora qarşı tədbir görülməsi barədə kollektiv şəkildə Prezidentə müraciət etdiklərini də dedi (https://www.faktinfo.az/.../aqrar-universitetden...). Onu da dedi ki, “Azərbaycan Dillər Universitetində baş verənlər barədə sizin o qədər yazınızdan sonra kollektiv susursa, deməli, Kamal Abdullayev o kollektivə layiq rektordur, amma haqsızlığa, qanunsuzluğa etiraz etməyə cürət etmirlərsə, cəsarətləri çatmırsa, mən gedib onlarla psixoloji treninqlər aparım. Gəncənin ilk paytaxt olduğunu bilirsiniz. ADU-nun oyanışına təsir də qoy Gəncədən olsun”. Sonra o, analogiya kimi Mirzə Ələkbər Sabirdən də bir xatırlatma etdi:


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!

ADAU-dan olan bu tanışım məndən Kamal Abdullayevin doğrudan ezoterik, həm də şizofrenik olub-olmadığını soruşdu. Mən də ona bunları dedim:
“Ezoterikliyini, mistik dünyada yaşadığını Kamal Abdullayev istər yazılarında, istərsə də televiziya verilişlərində özü də etiraf edir. Gəncə zəlzələsinin baş verdiyi il – 1139 da onun üçün mistik əhəmiyyət daşıyır, çünki orada 11 rəqəmi var. Onun şizofrenikliyi barədə isə bunu deyə bilərəm. Kamal Abdullayevi mən 1982-ci ildən – universiteti bitirib Azərbaycana qayıtdıqdan sonra təyinatla Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunda işləməyə başladığım vaxtdan tanıyıram. O vaxt o da həmin institutda işləyirdi. Təkəbbürlü, özündən razı bir gənc idi. O zaman şizofreniyası olduğu hiss olunmurdu. Olunsaydı da, Allahın verdiyi dərdə görə nə demək olardı?! İnsan doğulanda xəstəlikdən sığortalanmır. Kamal Abdullayevin şizofrenikliyi sonradan – vaxtilə indi rektoru olduğu universitetdə kafedra müdiri işləyəndə əxlaqsız hərəkətə cəhd edərkən başına çırpılmış stulun zərbəsindən sonra üzə çıxıb. İndi artıq yaşlanması səbəbindən onda bu xəstəlik özünü daha güclü şəkildə büruzə verir. Onun pula hərisliyi də, görünür, elə xəstəliyi ilə bağlıdır. Yoxsa pula xüsusi ehtiyacı olmayan bu adam niyə müəllimlərin maaşına, tələbələrin cibinə göz diksin, saxta diplom alveri etsin?! Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru işləyərkən eyni zamanda AMEA-nın akdemik-katibi kimi böyük bir vəzifə tuturdu (Bu şəraiti onun üçün R.Mehdiyev yaratmışdı). Amma bu adamın gözü heç doymurdu. AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu üçün ayrılmış iki milyon manatı da məhz Kamal Abdullayev mənimsəmişdir. O, İnstitutun, Azərbaycanda dilçiliyin inkişafı üçün nəzərdə tutulmuş həmin maliyyə vəsaitinin cüzi bir hissəsini “tolkuçka”dan radio-maqnitofonlar, köhnə, demək olar ki, yararsız kompüterlər alınmasına, bir neçə elmi kitabın tərcüməsinə sərf etmiş, qalan hissəsini isə mənimsəmişdir. Tərcüməçilərə pul ödəməmək üçün həmin kitablar əsasən “Qoogle” proqramı ilə tərcümə edildiyindən onların hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Onlar poliqrafik cəhətdən də keyfiyyətsiz hazırlanmışdır. Mən FB səhifəmdə bir neçə gün əvvəl dərc etdiyim “İsgəndərin buynuzu var” adlı yazımdan bir hissəni xatırlatmaq istəyirəm: “Azərbaycan Dillər Universitetinin Kamal Abdullayevin bir çox sirlərini bilən əməkdaşları ... onları söyləməkdən çəkindiklərindən Universitetin II korpusunun həyətinin torpaq hissəsində, kameraya düşməyən bir yerdə kiçik quyu qazıblar və bu sirləri o quyuya deyirlər. Orada bitən çiçəklərin ləçəkləri üzərində Kamal Abdullayevin Kiril əlifbası ilə yazılmış sirləri bir anlığa peyda olur və sonra pozulur”. İndi İ.Nəsimi adına Dilçilik İnstitutunda salamat qalmış həmin radio-maqnitifonları açanda onların bütün dalğalarda səsləndirdiyi ilk ifadə bu olur: “İki milyonu Kamal Abdullayev yedi”.
2014-cü ildə Norveçin Tədqiqatlar və ali təhsil Naziri Sandra Borxun magistrlik dissertasiyasının 20 faizdən çoxunun plaqiat olduğu, 2021-ci ildə Avstriyanın Əmək və ailə məsələləri üzrə naziri Kristina Aşbaxerin öz dissertasiyasında bəzi istinadları göstərmədiyi, 2022-ci ildə Rumıniyanın baş naziri Nikolae Çukenin doktorluq dissertasiyasının üçdə biri plaqiat olduğu üzə çıxdıqdan sonra istefa verməsi oxuculara mətbuatdan məlumdur. Lakin Kamal Abdullayevin dövlətin milyonlara manatını mənimsədiyi, vəzifə təyinatlarına və kəsirlərin ləğvinə görə böyük məbləğdə rüşvət aldığı, yüzlərlə saxta diplom satdığı məlum olsa da, nə o, istefa verir, nə də hüquq-mühafizə orqanları onun cinayət şübhəli əməllərini araşdırırlar. Hətta Kamal Abdullayevə öz çörək ağacı kimi baxan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ona 2025-ci ildə 75 yaşı tamam olana qədər rektor vəzifəsində qalması üçün əlindən gələni edəcəyinə söz verib və rektor kimi ölməsi üçün də səylərini əsirgəməyəcəyini vəd edib. Allah bu ölkəni daha betərindən qorusun”.
ADAU-nun əməkdaşı ilə söhbətimiz beləcə Allaha dua ilə bitdi. Amin.

Həbib Zərbəliyev
Azərbaycan Dillər Universitetində professor
Dia-az.İnfo