Spirtli içki və siqaretlərin qiyməti nə qədər BAHALAŞACAQ?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.
Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Hökumətin bu qərarı sözügedən məhsulların qiymətinə necə təsir edəcək?
Suala Liberal İqtisadçılar Mərkəziznin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, spirtli içkilərdə və siqaretlərdə aksiz vergisi o qədər də böyük xüsusi çəkiyə malik deyil:
“Ona görə də hökümətin bu qərarı adını çəkdiyimiz məhsulların qiymətində çox da bahalaşmaya səbəb olmayacaq. Spirtli içkilər 2-3 faiz, siqaretlərsə 10-15 qəpik bahalaşa bilər. Amma burada maraq doğuran başqa bir məsələ var. Hökumət şampan şərablarının aksiz vergilərini təxminən 2 dəfə azaldıb”.
Müsahibimiz aksiz vergisinin artırılmasını doğru addım hesab edir:
“Çünki ölkəmizdə həm siqaret, həm də spirtli içkilər istehsal olunur. Bu yaxınlarda bu sahələrlə bağlı xüsusi qanun da qəbul edilib. Ona görə də yerli istehsalı stimullaşdırmaq və daha çox spirtli içki və tütün məmulatları ixrac etmək üçün bu addım zəruri idi”.
Surxay Atakişiyev