Şəkər tozu yenidən bahalaşacaq?
Hindistan hökuməti şəkərin minimum satış qiymətinin artırılması imkanını müzakirə edir. Bu qərarın ölkənin şəkər sənayesi nümayəndələrinin müraciətinə cavab olaraq verilə biləcəyi qeyd edilib. Beləki, buna səbəb son illərdə şəkər qamışının alınması xərclərinin əhəmiyyətli dərəcədə artması, minimum qiymətin 2019-cu ildən bəri dəyişməz qalması və istehsalçıların qiymətlərin artırılması zərurətində israr etməsidir. Hindistanın qida və ictimai paylama departamenti həm istehsalçıların, həm də istehlakçıların maraqlarını nəzərə alaraq şəkərin minimum satış qiymətini artırmaq üçün müxtəlif ssenariləri araşdırırıq deyib.
Bəs, dünya bazarında şəkər istehsalçılarından biri olan Hindistanın qiymətləri qaldırması Azərbaycanda da şəkərin bahalaşmasına səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Hindistanın addımı ilə dünya bazarında şəkərin qiyməti qalxsa, Azərbaycanda da bahalaşması gözləniləndir.
Akif Nəsirli qeyd edib ki, Azərbaycan şəkər məhsullarına görə dünya bazarından asılılığı aradan qaldırıb, özünün şəkər ixrac edən ölkəyə çevrilə biləcək potensialı var:
“Hindistan dünya bazarında şəkər istehsalçılarından biridir. Əgər onun qərarı dünya bazarında artıma səbəb olacaqsa, əlbəttə ki, Azərbaycanda da bahalaşma labüd olacaq. Məsələ burasındadır ki, dünyada bazar iqtisadiyyatı işləyir. Hindistan keçən il düyü ilə bağlı səhv qərarlar verdi və dünya bazarında mövqeyini müəyyən qədər itirdi. Lakin belə bir ssenarini də nəzərdən keçirək. Əgər Hindistan şəkərin qiymətinin bahalaşması ilə bağlı qərar qəbul etsə, Brazilya ilə Meksika şəkərin istehsalını artıra və qiymətini aşağı sala bilər. Bu da Hindistan bazarının ələ keçirilməsi deməkdir.
Azərbaycanda şəkər istehsal olunur. Amma məsələ burasındadır ki, “Azərşəkər” tam gücü ilə işləmir. Digər kiçik sexlərdə işləyən sahibkarlar da artıq sıradan çıxıb. Bu gün Azərbaycan şəkər məsələsində dünya bazarından asılıdır. Şəkərin bir hissəsi hazır formada, bir hissəsi də yarım fabrikat formasında ölkəyə gəlir. Yarımfabrikat formasında gətirilən məhsul “Azərşəkər”də emal olunur. Yəni, bu gün Azərbaycanın şəkər məhsullarına görə, dünyadan asılılığı var. Amma ölkəmizdə şəkərdən asılılığın aradan qaldırılması üçün potensial var. Hətta bununla Azərbaycan şəkər ixrac edən ölkəyə çevrilə də bilər"
Əfsanə Rəcəb