İnhisarçılara Rəqabət Məcəlləsinin tətbiqinə dair təlim keçirilib

Rəqabət Məcəlləsi və inhisarçılar. - QƏRİBƏ SƏSLƏNİR

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən telekommunikasiya sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin iştirakı ilə “Təbii inhisar subyektlərinin göstərdikləri xidmətlər üzrə Rəqabət Məcəlləsi ilə təsbit edilən çərçivədə istehlakçı (müştəri) hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, 30-a yaxın təbii inhisar subyekti nümayəndələrinin qatıldığı tədbirdə Xidmətin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təbii inhisar sahəsində dövlət tənzimlənməsi, məhsulların istehsalı (satışı) zamanı təsərrüfat subyektlərinə və istehlakçılara münasibətdə təbii inhisar subyektlərinə qoyulan tələblər və qadağan olunan hərəkətlərlə bağlı Məcəllədə təsbit olunan müddəalar diqqətə çatdırılıb.

Bununla yanaşı, iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib.