“Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır” – İqtisadçı ekspert səbəbləri AÇIQLADI

 “Azərbaycanda minimum əməkhaqqı ilə minimum ehtiyac səbəti arasında tərs mütənasiblik var. Nəzərə alaq ki, ölkəmizdə minimum əməkhaqqı 345 manatdır. İnkişaf istiqaməti Avropaya olan bir ölkə üçünsə bu, heç də ürəkaçan mənzərə deyil”.

Bunu KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, dövlətimizin inkişaf konsepsiyasında yazılıb ki, yolumuz Avropayadır: “Rusiya ilə nə qədər sıx iqtisadi əməkdaşlıq etsək də, bizi Avropaya bağlayan çox şey var. Xüsusən də iqtisadiyyatımızın qan damarı olan nəqliyyat dəhlizləri Azərbaycanı Avropaya qovuşdurur. Ona görə də müqayisəni Avropa ilə aparmaq məcburiyyətindəyik. Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqdadır. Bu ölkədə minimum əmək haqqı 1735 avrodur. Qərbdə ən aşağı minimum əməkhaqqı Bolqarıstandadır. Həmin ölkədə isə bu rəqəm 335 avrodur. Göründüyü kimi, Avropanın ən kasıb ölkəsində belə minimum əməkhaqqı Azərbaycandan 2 dəfə çoxdur. Pribaltika ölkələrində isə minimum əməkhaqqı 500 avrodan yüksəkdir”.

Müsahibimiz xatırlatdı ki, Azərbaycan Avropa Konvensiyasına qoşulanda öhdəlik götürmüşdü ki, minimum əməkhaqqını orta aylıq əmək haqqının 60 faizinə qaldıracaq:

“O zaman Azərbaycanda minimum əməkhaqqı 35 manat idi. O vaxtan bəri minimum əməkhaqqı 10 dəfədən çox artsa da, bu rəqəm orta aylıq əmək haqqının 60 faizinə çatmayıb. Ölkəmizdə orta aylıq əməkhaqqı 1000 manatdır. Bu da o deməkdir ki, minimum əməkhaqqı orta aylıq əmək haqqının 34,5 faizinə bərabərdir. Ölkəmizdə minimum ehtiyac səbəti bir nəfər üçün 287 manatdır. Bir uşağınsa minimum istehlak səbəti 235 manatdır. Azərbaycan hökümətinin fəlsəfəsindən yanaşsaq, 3 nəfərlik ailənin ehtiyac səbəti 809 manat olur. Amma ailədə bir nəfər işləyirsə və o, 350-400 manat maaş alırsa, bu zaman 3 nəfərlik ailənin minimum ehtiyacları ödənmir. Ona görə də Azərbaycan hökümətinin meyarları ilə 3 nəfərlik ailə ən azı 809 manat gəlir əldə etməlidir. İndiki reallıqda isə bu, mümkün deyil. Halbuki, hökümətimizin öhdəliklərinə görə minimum əməkhaqqı 600 manat, Azərbaycan hökümətinin fəlsəfəsinə görə isə 3 nəfərlik ailənin minimum gəliri 809 manat olmalıdır. Əgər biz Avropaya inteqrasiya ediriksə, onda Azərbaycanda minimum əməkhaqqı Bolqarıstandakı kimi 335 avro olmalıdır”.

Natiq Səlim,