Tikinti bazarında canlanma: Ucuzlaşmanı gözləməyə dəyər? - Ekspert açıqladı

Azərbaycanda tikinti materiallarının istehsalı artıb. Bəs yerli istehsalın artması tikinti bazarında ucuzlaşma yaradacaq? 

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli  bu barədə TodayPress-ə danışarkən bildirib ki, müşahidə olunan artım əsasən işğaldan azad olunmuş ərazilərdə görülən tikinti-quruculuq işlərli ilə bağlıdır. Onun sözlərinə görə, istehsal artsa da, yaxın zamanda tikinti bazarında qiymətlərdə ucuzlaşma gözlənilmir: 

“Qarabağda, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparıldığı üçün tikinti materiallarına tələbat çoxdur. Orada istifadə olunan məhsullar şirkətlərlə razılaşdırılaraq, sifariş əsasında istehsal olunur. Həmin materiallar Bakı şəhərində satışa çıxarılmır, birbaşa Qarabağa göndərilir. Ona görə də artan tələbat və istehsal tikinti bazarında təklifin artmasına gətirib çıxarmır. Bu baxımdan qiymətlərdə ucuzlaşma gözlənilən deyil”.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, əgər istehsalçılar əvvəllər məhsullarını “qara bazar”a çıxarıb satırdılarsa, hazırda bunu rəsmi qaydada həyata keçirirlər. Kölgə iqtisadiyyatı olmadığı üçün həm tələbat artıb, həm də satış. Ekspert qeyd edib ki, buna baxmayaraq ölkəmizdə bəzi inşaat materiallarının istehsalı hələ də zəifdir: 

“Onların ölkəyə ixrac olunması da az həcmdədir. Strateji məhsulların içində əsas yeri armatur tutur. Armaturun qiyməti son 4-5 ildə kəskin artıb. Digər inşaat materiallarının qiymətində isə o qədər də artım qeydə alınmayıb. Ölkəmizdə bu sahədə rəqabət zəifdir. Cəmi 2-3 istehsalçı var. Bu özü də istehsalın artmasına şərait yaradan amillərdəndir ”.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalında ümumi məhsulun maya dəyəri 779,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz artıb.

Günəş Mərd